Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Bu ilin ilk 8 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 17 milyon 466 min 652 müraciət qeydə alınıb və vətəndaşlara 65 milyon 269 min 59 milyon tibbi xidmət göstərilib.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hesabat dövründə 246 min 572 cərrahi əməliyyat icra edilib. Gündəlik orta hesabla tibb müəssisələrinə 83 min 974 müraciət daxil olub.
Əhaliyə göstərilən tibbi xidmətlərin həcmində təcili tibbi yardım xidmətləri də mühüm paya sahibdir. Belə ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 2026-cı ilin ilk 8 ayı ərzində ümumilikdə 1 milyon 103 min 705 müraciət qeydə alınıb.
Tibbi xidmətlərin əhali üçün daha əlçatan, keyfiyyətli və pasiyentyönümlü şəkildə təşkili istiqamətində TƏBİB tərəfindən tədbirlər davam etdirilir.