Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular
Xaçmaz, 13 oktyabr, AZƏRTAC
Şimal bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb. Prezident İlham Əliyevin “2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən, xaçmazlı məzun Ayxan Elxan oğlu Yusifli və qusarlı məzun Emiliya Vitalik qızı Qayıbova Prezident təqaüdü alacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ayxan Yusifli ali məktəblərə qəbul imtahanlarında 682,5 bal toplayıb. O, Xaçmaz rayonu Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin məzunudur. Hazırda Bakı Ali Neft Məktəbində (BANM) İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alır.
Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Emiliya Qayıbova isə ali məktəblərə qəbul imtahanlarında 689,4 bal toplayaraq region üzrə ən yüksək nəticəni göstərib. O da Bakı Ali Neft Məktəbində Data analitikası ixtisası üzrə təhsil alır.
Müxbir – Elxan Yusifli