Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO
Qusar, 12 oktyabr, AZƏRTAC
Qusar rayonunun Quxuroba kəndində fərdi yaşayış evində baş verən yanğın ölümlə nəticələnib. Hadisə zamanı 83 yaşlı Hürüpəri Abdulkərimova yanaraq həyatını itirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın zamanı evdə olan digər şəxslər çölə çıxaraq xilas ola biliblər. Lakin evdə yatmış vəziyyətdə olan 83 yaşlı qadını xilas etmək mümkün olmayıb. Onu xilas etməyə çalışan oğlu da yanıq xəsarətləri alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililərin yanğından mühafizəsi təmin edilib.
Faktla bağlı araşdırma aparılır. Yanğının başvermə səbəbləri və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
Müxbir -Elxan Yusifli