Almaniyada baş verən kütləvi etirazlar Avropanın sosial rifah modelindəki dərin böhranın göstəricisidir - ŞƏRH
Bakı, 2 noyabr, AZƏRTAC
Almaniyanın 30-dan çox şəhərində “Gen Z regelt” təşəbbüsünün çağırışı ilə keçirilən kütləvi aksiyaların və baş verən qarşıdurmaların Avropada dərinləşən sosial-siyasi problemlərin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputatın sözlərinə görə, Frankfurt, Berlin, Köln və Hamburq kimi iri şəhərlərdə keçirilən aksiyaların iğtişaşlar, mağazaların talan edilməsi və polislə qarşıdurmalarla müşayiət olunması hadisələrin yalnız gənclərin spontan narazılığı kimi qiymətləndirilməsinin düzgün olmadığını göstərir.
“Bu proseslər Avropada uzun müddətdir yığılıb qalan sosial-iqtisadi problemlərin və institusional narazılığın təzahürü kimi dəyərləndirilməlidir. Avropanın aparıcı iqtisadi güclərindən biri olan Almaniyada gənclərin kütləvi etirazlara qoşulması qitənin sosial rifah modelinin üzləşdiyi çətinliklər barədə ciddi suallar yaradır. İnflyasiya, həyat bahalığı, mənzil təminatı ilə bağlı problemlər, təhsil xərclərinin artması və əmək bazarındakı qeyri-sabitlik gənclərin gələcəyə inamını zəiflədən əsas amillərdəndir. Uzun illər Avropa cəmiyyətlərinə sosial təminat, rifah və sabitlik modeli təqdim edilsə də, hazırda yeni nəsil həmin imkanlardan əvvəlki səviyyədə faydalana bilmir. Sosial bərabərsizliyin dərinləşməsi, sosial mobillik imkanlarının məhdudlaşması və dövlətin əhalinin sosial tələblərinə adekvat cavab verə bilməməsi cəmiyyətdə narazılıqları artırır. Etirazların zorakılıq və dağıntılarla müşayiət olunması, eyni zamanda, siyasi institutların sosial problemlərin həllindəki məsuliyyətini də gündəmə gətirir. Dövlət və cəmiyyət arasında dialoqun zəifləməsi, gənclərin problemlərinə vaxtında və effektiv münasibət göstərilməməsi narazılıqların daha radikal formalara keçməsi riskini artırır”, - deyə deputat əlavə edib.
Bəhruz Məhərrəmov diqqətə çatdırıb ki, məsələnin digər mühüm tərəfi Qərb dövlətlərinin insan hüquqları və demokratik azadlıqlarla bağlı mövqelərində müşahidə olunan ziddiyyətlərdir. Deputat hesab edir ki, bir sıra Qərb dövlətləri insan hüquqları, sərbəst toplaşmaq azadlığı və demokratik standartları xarici siyasətdə digər ölkələrə münasibətdə siyasi təzyiq vasitəsi kimi ön plana çıxarsalar da, öz daxili problemləri ilə üzləşdikdə fərqli yanaşmalar nümayiş etdirirlər: “Daxili etirazların idarə olunmasında güc strukturlarının tətbiqi, sərt polis tədbirləri və hüquqi mexanizmlərin məhdudlaşdırılması ilə bağlı iddialar Qərbin demokratiya və fundamental hüquqlar sahəsindəki mövqelərinin ardıcıllığını sual altına alır. Bu baxımdan beynəlxalq hüququn və insan hüquqlarının universal prinsiplər əsasında deyil, siyasi maraqlara uyğun şəkildə tətbiqi ikili standartlar problemini daha da aktuallaşdırır. Almaniyada baş verən hadisələr yalnız ayrı-ayrı şəhərlərlə məhdudlaşan insidentlər deyil, bütövlükdə Avropanın sosial-siyasi gələcəyi ilə bağlı ciddi müzakirələrə əsas verir. Mövcud problemlərin repressiv tədbirlər və siyasi manipulyasiyalarla deyil, sosial bərabərsizliyin aradan qaldırılması, real struktur islahatlarının həyata keçirilməsi və ictimai dialoqun gücləndirilməsi yolu ilə həlli vacibdir”.
Bəhruz Məhərrəmov hesab edir ki, əks halda, sosial narazılıqların daha da dərinləşməsi və kütləvi qarşıdurmaların digər Avropa ölkələrinə yayılması riski qalacaq.