TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-dən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə həyata keçirə biləcəklər.
Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, noyabrın 2-dən 30-dək davam edəcək kampaniya Bakı metrosu və avtobuslarda keçərlidir. Kampaniya çərçivəsində TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edən istifadəçilərin bazar ertəsindən cüməyədək ilk gedişi 1 qəpik təşkil edəcək. Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur. Gün ərzində ikinci və sonrakı gedişlər standart tariflə hesablanacaq. Bununla yanaşı, TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə edilən ödənişlərə 10 faiz bonus tətbiq edilir.
Hazırda TəhsilPlus kartlarının ölkə üzrə təhsil işçilərinə təqdim edilməsi prosesi mərhələli şəkildə davam etdirilir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin əməkdaşlarının kartlarla təminatına başlanılıb. Artıq aktiv kart istifadəçilərinin sayı 185 mini ötüb.
Qeyd edək ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Mastercard” qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Kart əməkhaqqı və debet kartı funksiyalarını özündə birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. Kart sahibləri, həmçinin ictimai nəqliyyatda və layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər.