Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır
Bakı, 2 noyabr, AZƏRTAC
Güclü dövlətin təməlində güclü cəmiyyət, güclü cəmiyyətin əsasını isə öz potensialını reallaşdıran fəal və məhsuldar vətəndaşlar təşkil edir. Cəmiyyətin davamlı inkişafı insan kapitalının gücləndirilməsindən, hər kəs üçün bərabər imkanların yaradılmasından birbaşa asılıdır. Bu baxımdan qadın və kişilərin bərabər hüquq və imkanlarının təmin edilməsi, qadınların cəmiyyətin bütün sahələrində öz potensialını reallaşdırmasına şərait yaradan institusional və sosial mühitin formalaşdırılması dövlətimizin prioritet istiqamətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitənin və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransında çıxışı zamanı səsləndirib.
O bildirib ki, qızların keyfiyyətli təhsilə, məşğulluğa və inkişaf imkanlarına çıxışının genişləndirilməsi, eləcə də onların bu imkanlardan səmərəli istifadə etməsinə dəstək göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Qadınların fərdi uğurları yalnız onların şəxsi inkişafına deyil, bütövlükdə cəmiyyətin sosial, iqtisadi və mədəni tərəqqisinə xidmət edir, daha inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşmasına zəmin yaradır.
A.Sofiyeva Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə məlumatlarına diqqət çəkərək qeyd edib ki, elmi işçilərin 60, ali təhsil müəssisələrinin rəhbərlərinin isə 50 faizdən çoxunu qadınlar təşkil edir. Məşğul əhali arasında qadınların xüsusi çəkisi 48,1 faizdir.