Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi
Bakı, 2 oktyabr, AZƏRTAC
Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, fədakarlıq və Zəfər salnaməsi kimi yazılıb. Bu tarixi Qələbə uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, onların Vətənə bağlılığı və igidliyi gələcək nəsillərə örnək göstərilir.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan kiçik çavuş Şaməddin Əmrahovun qızı, Bakı Dövlət Universitetinin tələbəsi Aysu Əmrahova AZƏRTAC-a müsahibəsində atasının döyüş yolundan, unudulmaz xatirələrindən danışıb.
Atasının Murovdağda hərbi xidmət keçdiyini bildirən Aysu Əmrahova deyib ki, yüksəklik və kəskin hava şəraiti səbəbindən onunla telefon əlaqəsi saxlamaq çətin olurdu. Müharibə başlayandan sonra atası imkan tapdıqca səsli mesajlar göndərir, hər şeyin qaydasında olduğunu bildirir və doğma yurdları Kəlbəcəri işğaldan azad edəcəklərinə inandığını deyirdi. Şəhid olması xəbərini isə əmisindən eşidib. Atası ilə birlikdə 70 nəfər minaya düşərək şəhid olub.
Həmin vaxt abituriyent olduğunu və qəbul imtahanlarına hazırlaşdığını söyləyən Aysu atasının şəhid olması xəbərini eşidəndə böyük sarsıntı keçirdiyini qeyd edib: “Sanki hər şeydən, həyatdan küsmüşdüm. Nə istədiyimi, nə edəcəyimi bilmirdim. Günlərimi sadəcə ağlamaqla keçirirdim. Hətta dəfnindən sonrakı gecəni qəbiristanlıqda keçirmişdim. Dərsləri və hər şeyi kənara qoymuş, sanki bir ruh kimi yaşayırdım”.
Aysu Əmrahova bildirib ki, atasının ən böyük arzusu onun Bakı Dövlət Universitetinə qəbul olduğunu görmək idi: “Təəssüf ki, atam nəinki mənim BDU-nun tələbəsi olduğumu, hətta burada əməkdaş kimi fəaliyyət göstərdiyimi də görə bilmədi”. O, universitetdə təhsil almağın həm özünün, həm də ailəsinin arzusu olduğunu vurğulayıb. Qeyd edib ki, bu qədim və nüfuzlu ali təhsil müəssisəsinə qəbul olmaq, burada təhsil almaq və özünü inkişaf etdirmək istəyib.

Atasının hərbi xidmət yoldaşları ilə bağlı xatirələrini bölüşən Aysu deyib ki, təəssüf ki, onunla eyni taqımda xidmət edən hərbçilərin hamısı şəhid olub. Bununla belə, atasının hərbi xidmətdə olduğu əsgərlərdən biri dəfn mərasimində ona yaxınlaşaraq Şaməddin Əmrahovla bağlı bir neçə xatirəsini danışıb.
Aysu üçün atasından yadigar qalan əşyaların da xüsusi mənəvi dəyəri var. Onun sözlərinə görə, atası üç yaşından indiyədək saxladığı kiçik ayı oyuncağını, həmçinin ilk dəfə bağçaya gedərkən aldığı balaca stulu ona hədiyyə edib. Bu əşyalar bu gün də onun üçün ən əziz xatirələrdəndir.

Atasının şəhid olmasından sonra təhsildən uzaqlaşdığını deyən Aysu bildirib ki, anası və müəllimləri ona atasına verdiyi sözü xatırladıblar. Ali təhsilli övlad olmaq və bu arzunu gerçəkləşdirmək üçün yenidən özündə güc tapıb: “Həmin an dərk etdim ki, atam mənimlə qürur duymalıdır. O, ruhən yanımdadır, məni izləyir, görür. Hiss edirəm ki, kölgə kimi hər zaman yanımdadır. Buna görə də özümdə güc taparaq böyük səylə inkişaf etməyə çalışıram. Bu, olduqca məsuliyyətli və ağır bir işdir. Düşünürəm ki, hələlik üzərimə düşən vəzifəni layiqincə yerinə yetirirəm”.
Gələcək planlarından da danışan Aysu Əmrahova atasına həsr olunmuş kitab və şeirlər yazmaq istədiyini bildirib. Qeyd edib ki, atası şeiri çox sevər, söhbət əsnasında maraqlı və məzəli şeirlər söyləyərdi. O da atasının bu sevgisini yaşatmağa çalışır.
Aysu Əmrahova hər kəsin şəhidlərin adını, şücaətini, Vətənə bağlılığını və cəsarətini yaşadaraq gələcək nəsillərə ötürməsinin vacibliyini vurğulayıb: “Hər birimiz atalarımızın ad-sanını yaşatmalı, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmalıyıq. Nəzərə alaq ki, şəhidlər öləndə yox, unudulanda ölürlər”.

Müxbir- Xatirə Cəfərova