AzMİU məzunları təcrübələrini tələbələrlə bölüşüblər
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Təcrübə və Karyera Mərkəzinin təşəbbüsü, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin birgə təşkilatçılığı ilə “Alumni-Mentor” proqramı çərçivəsində tələbələr üçün peşəkar görüş təşkil edilib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
Fakültənin dekanı dosent Elgiz Həsənov çıxış edərək tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra “ME Line” MMC-nin təsisçisi, AzMİU-nun məzunu Elnur Məmmədov çıxış edərək tələbəlik illərindən bu günə qədər keçdiyi peşəkar yolu, qazandığı təcrübəni və mühəndislik sahəsində fəaliyyətinin əsas mərhələlərini tələbələrlə bölüşüb. Görüş zamanı mühəndislik sistemlərinin layihələndirilməsi, santexnika, HVAC, istilik və qazanxana, eləcə də yanğınsöndürmə sistemləri haqqında məlumat verilib.
AzMİU məzunu Aysu Həşimli isə öz karyera yolu barədə danışaraq tələbələri peşə fəaliyyətində gözləyən imkanlar və tələblərlə bağlı tövsiyələrini bölüşüb. İnteraktiv sual-cavab sessiyasında tələbələr ixtisas və karyera istiqamətləri ilə bağlı suallarını ünvanlayıblar. Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov çıxışında məzunların yenidən doğma universitetlərinin auditoriyalarına qayıdaraq öz peşəkar təcrübələrini tələbələrlə bölüşməsinin və onların inkişafına dəstək göstərməsinin əhəmiyyətini qeyd edib.
Tədbirin sonunda professor Nurməmməd Məmmədov qonaqlar üçün kafedranın müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarına ekskursiya təşkil edərək onları laboratoriyaların imkanları və burada yaradılmış tədris-praktiki şəraitlə tanış edib.
“Alumni-Mentor” proqramı məzunların peşəkar təcrübəsinin tələbələrə ötürülməsinə, universitet–məzun əlaqələrinin gücləndirilməsinə və tələbələrin karyera inkişafının dəstəklənməsinə xidmət edir.