Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir
Bakı, 2 noyabr, AZƏRTAC
Müasir dünyada dövlətlərarası münasibətlərin gələcəyi yalnız iqtisadi maraqlar və siyasi razılaşmalarla müəyyən olunmur. Xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı anlaşması, bir-birinin dəyərlərinə hörmət etməsi beynəlxalq sabitliyin mühüm şərtidir. Bu baxımdan mədəniyyətlərarası dialoq beynəlxalq hüququn prinsipləri, insan hüquqlarının müdafiəsi və davamlı sülhün təmin edilməsi ilə bilavasitə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev söyləyib. O qeyd edib ki, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməklə beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən mühüm platformadır. BMT Nizamnaməsində beynəlxalq sülhün qorunması, dövlətlərarası dostluq münasibətlərinin inkişafı və humanitar əməkdaşlıq əsas məqsədlər sırasında müəyyən edilmişdir.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı da tədbirin siyasi və humanitar əhəmiyyəti ilə yanaşı, onun beynəlxalq hüquqi məzmununu ön plana çıxardı. Dövlət başçısının toxunduğu məsələlər mədəniyyətlərarası dialoqun yalnız xalqlar arasında qarşılıqlı anlaşma vasitəsi deyil, həm də dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüququn normalarına riayət olunması və davamlı sülhün təmin edilməsi ilə sıx bağlı olduğunu göstərir.
Bu kontekstdə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələrinin uzun illər icra olunmaması beynəlxalq hüququn tətbiqində ardıcıllıq və bərabər yanaşmanın vacibliyini göstərir. Davamlı sülh dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətə, mübahisələrin dinc həllinə və beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsinə əsaslanmalıdır.
Z.Əliyev bildirib ki, Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüslərin qiymətləndirilməsi zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətin inkişafına, milli-mənəvi irsin qorunmasına və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına verdiyi töhfələr də xüsusi qeyd olunmalıdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpası, təhsil və mədəniyyət layihələrinin dəstəklənməsi, eləcə də müxtəlif xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli təcrübə formalaşdırıb.
Onun sözlərinə görə, bu fəaliyyətin hüquqi mahiyyəti, ilk növbədə, mədəni hüquqların təmin edilməsi və mədəni irsin qorunması ilə bağlıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsində hər kəsin cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək hüququ təsbit edilib. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsi isə mədəni həyatda iştirak hüququnun tanınmasını nəzərdə tutur. Bu baxımdan Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən mədəniyyət layihələri yalnız milli mədəniyyətin təbliği kimi deyil, həm də mədəni hüquqların reallaşdırılmasına, tarixi irsin gələcək nəsillərə ötürülməsinə və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edən fəaliyyət kimi qiymətləndirilə bilər. Xüsusilə tarixi və dini abidələrin qorunması, müxtəlif mədəniyyətlərə məxsus irs nümunələrinə diqqət göstərilməsi mədəni müxtəlifliyə hörmət prinsipinin praktik ifadəsidir.
Dekan qeyd edib ki, mədəniyyətlərarası dialoqun hüquqi əsasını insan hüquqlarının universallığı, bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik hüququ, vicdan, fikir və söz azadlığı bu münasibətlərin hüquqi təminatları sırasındadır. Bu prinsiplərin həyata keçirilməsində hüquqi maarifləndirmə və gələcək hüquqşünasların hazırlanması mühüm rol oynayır.
Onun fikrincə, forum çərçivəsində aparılan müzakirələr və irəli sürülən tövsiyələr birbaşa məcburi beynəlxalq hüquqi öhdəlik yaratmasa da, dövlətlərarası əməkdaşlığın və hüquqi mexanizmlərin inkişafına təsir göstərə bilər. Nəticə etibarilə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hüquq, mədəniyyət və beynəlxalq münasibətlərin qarşılıqlı əlaqəsini nümayiş etdirir. Mədəniyyətlərarası dialoqun əsl dəyəri qarşılıqlı anlaşma, hüququn aliliyi, insan ləyaqəti və ədalət prinsipləri əsasında davamlı sülhün möhkəmləndirilməsinə xidmət etməsindədir.