Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “YENİ Klub”un Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin üzvlərinin təşkilatçılığı ilə “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Qələbənin izi ilə” adlı tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, klubun üzvü Rəvan Azayevin moderatorluğu ilə keçən görüşdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Elmar Dadaşov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Əlimusa İbrahimov, Politologiya və sosiologiya kafedrasının müəllimi Məftunə Abdullayeva çıxış ediblər. Çıxışlar zamanı Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyəti və milli birliyin Zəfərin qazanılmasında rolu barədə ətraflı məlumat verilib. Natiqlər gənclərin milli tariximizə və dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinin, həmçinin Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıblar.
Tədbirdə qeyd olunub ki, 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyan və Cənubi Qafqazda yeni reallıqlar yaradan bu tarixi uğur illər ərzində düşünülmüş və formalaşdırılmış strategiyanın nəticəsidir. Həmin strategiyanın əsasını isə üç mühüm amil – müasir ordu quruculuğu, diplomatik-hüquqi bazanın möhkəmləndirilməsi və sarsılmaz xalq-dövlət birliyini təcəssüm etdirən “Dəmir yumruq” təşkil edib.