Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov bu il Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi adını qazanıb. O, universitetin Memarlıq və inşaat fakültəsində “Dizayn” ixtisası üzrə birinci kursda təhsil alır.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, Ağdam rayonunun Abdal qəsəbəsində anadan olan Yaşar Hüseynov doğma yurdunun işğalından sonra ailəsi ilə birlikdə Bərdə rayonunda məskunlaşıb. Orta təhsilini 1999-cu ildə başa vuran qəhrəmanımız 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2001-ci ilin martından Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb və sonrakı illərdə bir sıra mühüm döyüş əməliyyatlarında iştirak edib. 2014-cü ilin avqustunda Goranboy rayonunun Gülüstan qəsəbəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. Səkkiz ay davam edən müalicədən sonra, 2015-ci ilin aprelində yenidən hərbi xidmətə qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində də iştirak edərək döyüş tapşırıqlarının icrasında fərqlənib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Yaşar Hüseynov oktyabrın 9-da Füzuli rayonunun Gorazıllı yaşayış məntəqəsinin azad olunması zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Müalicəsi tam başa çatmadan, oktyabrın 21-də yenidən döyüş bölgəsinə qayıdıb.
Şuşanın azad edilməsi uğrunda döyüşlərdə xüsusi şücaət göstərən Yaşar Hüseynov noyabrın 5-dən 6-na keçən gecə şəhərə daxil olan hərbçilərimizin sırasında olub. Noyabrın 6-da bölmə komandiri və digər hərbçilərlə birlikdə şəhərin düşmən işğalından azad edilməsi əməliyyatında iştirak edib. Noyabrın 7-də saat 13:45-də Şuşa şəhərində yerləşən Duma binasının üzərindəki separatçı rejimin bayrağını çıxararaq yerinə Azərbaycan bayrağını sancıb. Bununla yanaşı, işğaldan sonra həmin binanın üzərində ilk dəfə azan səsləndirib.
Yaşar Hüseynov hərbi xidmətini sonrakı illərdə də davam etdirib. 2021-ci ildə Kəlbəcər rayonu ərazisində, Basarkeçər istiqamətində sərhədlə bağlı fəaliyyətlərdə, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı isə Xankəndi və ətraf yaşayış məntəqələrinin azad olunmasında iştirak edib.
Döyüşlərdə göstərdiyi şücaətə və hərbi xidmətindəki xüsusi xidmətlərinə görə Yaşar Hüseynov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. O, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Hərbi xidmət dövründə müdafiə nazirlərinin müvafiq əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şücaətə görə” medallarına, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 illiyi və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medallarına layiq görülüb.
Yaşar Hüseynov bir oğul və bir qız atasıdır. Onun ailəsinin də Qarabağ müharibəsində xüsusi yeri var. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı üç qardaşı Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qardaşlarından Sadiq və Fərman Hüseynov müharibə veteranıdır. Digər qardaşı Füzuli Hüseynov isə 1994-cü il aprelin 16-da Ağdam rayonunun Yusifcanlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Yaşar Hüseynovun Vətən qarşısındakı xidmətləri dövlət səviyyəsində də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə qəhrəman hərbçimizlə şəxsən görüşməsi və ona göstərdiyi diqqət bu ehtiramın ifadəsidir.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla tarixə adını yazdıran Yaşar Hüseynovun ali təhsil almaq qərarı həyatında yeni mərhələnin başlanğıcıdır. Hərbi xidmətini davam etdirməklə yanaşı, bilik və bacarıqlarını artırmağa, yeni sahədə özünü inkişaf etdirməyə yönələn bu addım onun təhsilə verdiyi önəmi də nümayiş etdirir. Onun həyat yolu Vətənə sədaqətin, fədakarlığın və ömür boyu öyrənmək əzminin nümunəsidir.