Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb
Bakı, 2 noyabr, AZƏRTAC
“Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların təcrübə və nailiyyətlərinin daha geniş auditoriyaya çatdırılması, eləcə də müxtəlif sahələrdə çalışan qadınlar arasında təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyətli olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Regional İnkişaf İctimai Birliyinin Təlim, inkişaf və innovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransında çıxışı zamanı səsləndirib.
O bildirib ki, layihə çərçivəsində müxtəlif sahələrdə çalışan, peşəkar fəaliyyəti və nailiyyətləri ilə seçilən qadınların iştirakı ilə TEDx formatında görüşlər təşkil olunub.
"Bu görüşlərdə 31 ekspert öz bilik və təcrübəsini iştirakçılarla bölüşüb, qadınların şəxsi və peşəkar inkişafı, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və yeni imkanların dəyərləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. Tədbirlər Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Lənkəran və Xankəndi şəhərlərində, eləcə də Şəmkir, Zaqatala, Qax, Masallı, Quba, Xaçmaz, İmişli, Ucar, Göyçay, Saatlı, Şamaxı, İsmayıllı, Oğuz və Qazax rayonlarında təşkil olunub. Ümumilikdə, görüşlərdə 3000-dən çox qadın və qız iştirak edib.
Müxtəlif sahələrdə çalışan qadınların nailiyyətlərinin geniş auditoriyaya çatdırılması onların cəmiyyət həyatındakı rolunun daha dolğun tanınmasına və qarşılıqlı öyrənmə imkanlarının genişlənməsinə xidmət edib", - deyə P.Hacıyeva vurğulayıb.
Fotoqraf - Xanlar Əlizadə