Arxeologiya və Antropologiya İnstitutu İtaliya fondu ilə əməkdaşlığı genişləndirir
Bakı, 2 noyabr, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev İtaliyada fəaliyyət göstərən Romualdo Del Bianko Fondunun baş katibi Simone Cometti və nümayəndəsi Kozimo Çivita del Bianko ilə görüşüb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Görüş zamanı Fərhad Quliyev rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin son illərdə apardığı tədqiqatlardan və əldə etdiyi nailiyyətlərdən söz açıb. O, müxtəlif ölkələrin arxeoloqları ilə birgə layihələrin gerçəkləşdirilməsi fonunda beynəlxalq əməkdaşlıq sahəsində əldə edilmiş uğurlardan söz açıb, xüsusilə İtaliya elmi-tədqiqat mərkəzlərinin nümayəndələrinin təmsil olunduğu arxeoloji ekspedisiyaların nəticələrinin dünya elmi dairələrində maraqla qarşılandığını qeyd edib.
Simone Cometti rəhbərlik etdiyi fondun məramı, fəaliyyət istiqamətləri, xalqların və mədəniyyətlərin tanıdılması istiqamətində gerçəkləşdirilmiş layihələrdən danışıb.
Görüşdə yaxın gələcəkdə Azərbaycan arxeoloji irsinin populyarlaşdırılması üçün qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə edilib.