Avstraliyalıların 60 faizi çiy balıq yeyir: mütəxəssislər xəbərdarlıq edir
Bakı, 2 noyabr, AZƏRTAC
Avstraliya əhalisinin təxminən 60 faizi çiy balıq və dəniz məhsulları istehlak edir. Onların 17 faizi isə həftədə ən azı bir dəfə bu cür qidalar yeyir. Mütəxəssislər çiy dəniz məhsullarının parazit və zərərli bakteriyalar vasitəsilə sağlamlıq üçün risk yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya Qida Təhlükəsizliyi Məlumat Şurasının araşdırmasında bildirilib. Hesabatda suşi, saşimi kimi çiy balıqdan hazırlanan yeməklərin istehlakının geniş yayıldığı vurğulanıb.
Şuranın elmi direktoru Julian bildirib ki, çiy balıq parazitlər və xəstəlik törədən bakteriyalar daşıya bilər. Sirkə, limon suyu və duz kimi əlavələr isə bu təhlükələri tam aradan qaldırmır.
Mütəxəssislər hamilə qadınlara, yaşlılara və immun sistemi zəif olan şəxslərə çiy balıqdan, bişməmiş krevetkalardan və soyuq hisə verilmiş balıqlardan uzaq durmağı tövsiyə ediblər. Bu məhsullar Listeria infeksiyasına yoluxma riski yarada bilər.
İstehlakçılara çiy balığı etibarlı təchizatçılardan almaq, parazit riskini azaltmaq üçün onun düzgün qaydada dondurulduğuna əmin olmaq tövsiyə edilib. Özlərinin tutduqları balıqların isə yaxşıca bişirilməsi məsləhət görülüb.
Qeyd edək ki, araşdırma avqustun 26-dan 31-dək 18 yaşdan yuxarı 1239 avstraliyalı arasında aparılıb.