Fransa Əlcəzairdə nüvə tullantılarının basdırıldığı ərazilərə dair xəritələri təqdim etməməkdə ittiham olunur
Paris, 2 noyabr, AZƏRTAC
Əlcəzair 1960-cı illərdə Fransanın nüvə sınaqları keçirdiyi ərazilərin radioaktiv tullantılardan təmizlənməsi istiqamətində ikinci əməliyyata başlayıb. Ölkənin Müdafiə Nazirliyi noyabrın 1-də İn Ekker bölgəsində yerləşən E2 Beryl poliqonunda işlərə start verildiyini açıqlayıb. Nazirlik Fransa tərəfini nüvə tullantılarının basdırıldığı ərazilərə dair sənədləri və xəritələri təqdim etməməkdə, eləcə də məsuliyyətdən yayınmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, rəsmi məlumata görə, əməliyyat Əlcəzairin milli mütəxəssislərinin və texniki imkanlarının səfərbər edilməsi ilə Müdafiə Nazirliyinin nəzarəti altında və müvafiq dövlət agentliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. İşlər milli və beynəlxalq təhlükəsizlik standartlarına uyğun aparılacaq. Radioaktiv ərazilərin müəyyənləşdirilməsi, tullantıların toplanması və xüsusi beton konteynerlərdə saxlanılması nəzərdə tutulur.
Əlcəzair Müdafiə Nazirliyi bildirib ki, Fransa tullantıların basdırıldığı sahələrin dəqiq yerlərini göstərən sənədlərin və xəritələrin təqdim olunmasından imtina edir. Vurğulanıb ki, bu vəziyyət İn Ekker və Reqqan-Adrar bölgələrinin inkişafına maneə yaradır. Əlcəzair tərəfi ölkənin cənubunda müstəmləkəçilik dövründən miras qalmış nüvə tullantılarının tam təmizlənməsinə nail olmaq niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, Fransa 1960–1966-cı illərdə Əlcəzair səhrasında ümumilikdə 17 nüvə sınağı keçirib. Bunlardan 4-ü 1960–1961-ci illərdə Reqqan-Adrar bölgəsində atmosferdə, 13-ü isə 1961–1966-cı illərdə İn Ekkerdə yeraltı şəraitdə həyata keçirilib. Bundan başqa, ölkənin Bəşar bölgəsində yerləşən B2-Namus poliqonunda kimyəvi sınaqlar da aparılıb. Mənbəyə görə, bu sınaqlar 1978-ci ilədək davam edib.
Əlcəzair uzun illərdir Fransa hökumətindən həmin ərazilərin təmizlənməsini tələb edir. Prezident Əbdülməcid Təbbun 2024-cü ildə də bu çağırışı təkrarlayaraq, radioaktiv və kimyəvi çirklənmənin yerli əhalinin sağlamlığına, heyvanat və bitki aləminə zərər vurduğunu bildirib.
Rəsmi Paris isə əvvəllər sınaq obyektlərinin söküldüyünü və ərazilərin Evian sazişlərinə uyğun olaraq Əlcəzairə təhvil verildiyini bəyan edib. Fransa tərəfinin bildirdiyinə görə, 1999-cu ildə Əlcəzairin müraciəti əsasında Beynəlxalq Atom Enerjisi Agentliyi keçmiş sınaq poliqonlarında radiasiya vəziyyətini qiymətləndirən missiya həyata keçirib. Paris, həmçinin sınaqların yerləri və istifadə olunan texnologiyalar barədə məlumatların, eləcə də 1966–1967-ci illərin radioloji vəziyyətinə dair göstəricilərin agentliyə təqdim edildiyini qeyd edib.