Çində Azərbaycan ədəbi dilinin ilk balanslaşdırılmış korpusu istifadəyə verilib
Pekin, 2 noyabr, AZƏRTAC
Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan “azGLOBE” Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərliyi altında yaradılan “azGLOBE” korpusu 1 milyon sözü əhatə edir. Korpusun yaradılmasında PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müəllim və tələbə heyəti yaxından iştirak edib. Mətnlərin seçilməsi Braun ailəsinə aid korpuslar modelinə (Brown family corpora) əsaslanır və 4 əsas janrı əhatə edir: dövri mətbuat mətnlərini əhatə edən publisistik, elmi mətnləri əhatə edən akademik, ədəbi mətnləri əhatə edən bədii və digər müxtəlif janrların daxil olduğu qarışıq mətnlər.
Müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu “azGLOBE” “The GLOBE Corpus”un (Global Languages Out of BFSU Expertise, GLOBE) alt korpuslarından biridir. Bu korpus PXDU-nun Xarici Dillərin Tədrisi üzrə Çin Milli Tədqiqat Mərkəzinin professoru Sü Ciacinin (Xu Jiajin) rəhbərliyi ilə yaradılmış korpuslar toplusunun tərkib hissəsidir. Hazırda “GLOBE” korpusuna 51 dil daxildir. O, dil sayına görə dünyada ən böyük korpuslardan biridir.
“azGLOBE” korpusu müasir Azərbaycan dilinin leksik və qrammatik xüsusiyyətlərinin tədqiqi üçün müstəqil mənbə kimi istifadə oluna bilər. Eyni zamanda, dillərarası müqayisəli tədqiqatların aparılması üçün “GLOBE” korpusunun digər dillərə aid altkorpusları ilə birgə tətbiq edilə bilər. Korpusdan müasir Azərbaycan ədəbi dilinin leksik tərkibinin və qrammatik quruluşunun tədqiqində, müqayisəli dilçilikdə, lüğətşünaslıqda, dərslik və tədris materiallarının hazırlanmasında geniş istifadə oluna bilər. Korpusdan dünyanın istənilən yerindən müvafiq link (http://114.251.154.212/cqp/azglobecorpus/) vasitəsilə pulsuz istifadə etmək mümkündür. Növbəti illərdə korpusun söz ehtiyatı davamlı şəkildə artırılacaqdır.
Qeyd edək ki, Pekin Xarici Dillər Universiteti Azərbaycan dilinin xaricdə müstəqil ixtisas kimi tədris olunduğu ilk və yeganə universitetdir. 2018-ci ildə Azərbaycan dili ixtisası üzrə bakalavriat səviyyəsi ilk tələbə qəbulunu həyata keçirən universitetdə növbəti tədris ilindən Azərbaycan dili magistratura səviyyəsində də tədris olunacaq. Bununla da, universitet Azərbaycan dilinin tədrisinin inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub. Rəqəmsallaşma dövrünün tələblərinə uyğun olaraq, Azərbaycan dilinin tədrisi sahəsində də bir sıra yeniliklərə imza atılıb. Belə ki, 2025-ci ildən etibarən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası tərəfindən Azərbaycan dili üzrə Açıq Kütləvi Onlayn Dərs (MOOC) də istifadəyə verilib.