İzabel Tamen: BIAF kimi festivallar böyük əhəmiyyətə malikdir
Bakı, 2 noyabr, AZƏRTAC
Hesab edirəm ki, Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) kimi festivallar inanılmaz dərəcədə vacibdir, çünki onlar dünyanın hər yerindən insanları və sənətçiləri bir araya gətirməyə kömək edir.
Bu barədə “Akram Khan Company” şirkətinin icraçı direktoru İzabel Tamen BIAF- 2026 çərçivəsində təqdim olunan “Zikra: xatirələr gecəsi” tamaşasından əvvəl jurnalistlərə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, bu cür təşəbbüslər yaradıcı insanların bir-biri ilə ünsiyyətdə olması, prodüserlər və menecerlər arasında təcrübə mübadiləsi, habelə peşəkar əlaqələr qurulması üçün yaxşı fürsətdir.
“Tamaşaçılar müxtəlif səhnə quruluşları ilə tanış olmaq imkanı əldə edirlər. Buna görə də belə festivallar çox vacibdir”, - deyə İzabel Tamen vurğulayıb.
O əlavə edib ki, “Akram Khan Company” şirkəti 26 ildir qastrol səfərləri həyata keçirir. İcraçı direktorun sözlərinə görə, “Zikra: xatirələr gecəsi” onun son qastrol tamaşası olacaq.
“Buna görə də bu an bizim üçün həqiqətən xüsusidir! Bu gün Bakıda olduğumuz üçün çox xoşbəxtik, amma hələ də bir neçə ölkədə və müxtəlif məkanlarda qastrol səfərlərimiz var. Səyahətimiz 2027-ci il martın sonunda Hindistanın Yeni Dehli şəhərində başa çatacaq. Beləliklə, sanki tam bir dairəni qət etmiş kimi olacağıq və bundan sonra yeni mərhələ başlayacaq”.
İzabel Tamen vurğulayıb ki, qastrol şirkəti artıq mövcud olmayacaq, amma “Akram Khan” xoreoqrafiya ilə məşğul olmağa və bədii karyerasını inkişaf etdirməyə davam edəcək.
Qonaq qeyd edib ki, bu, kollektivin Azərbaycana ilk səfəridir. “Şəxsən mən inanılmaz dərəcədə məmnunam. Düşünürəm ki, bütün komandamız çox sevinir və rəqqaslar buradakı insanların nə qədər qonaqpərvər, mehriban olmasına heyran qalırlar. Özümüzü evdəki kimi hiss edirik. Burada olmaq bizim üçün böyük şərəfdir. Bakı inanılmaz dərəcədə gözəl şəhərdir”, - deyə İ. Tamen təəssüratlarını bölüşüb.