Döyüş meydanından sahibkarlığa: Qusarda gənc müharibə iştirakçısının yeni həyat yolu
Bakı, 2 noyabr, AZƏRTAC
Vətən uğrunda gedən döyüşlərdə iştirak edənlərdən, torpaqlarımızın azadlığı üçün mübarizə aparanlardan biri də Qusar rayon sakini Rəcbər İsrafilovdur.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyindən yararlanaraq kiçik biznesini qurub, zəhməti ilə ailəsinin dolanışığına töhfə verir.
Rəcəb İsrafilov ötən ilin fevral ayında Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində ona dönərxana açmaq üçün zəruri avadanlıqlar təqdim edilib. Beləliklə, gənc müharibə iştirakçısı kiçik sahibkarlıq fəaliyyətinə başlayaraq, qazanc mənbəyi əldə edib.
Hazırda Qusar rayonunda, xəstəxanalardan birinin yaxınlığında fəaliyyət göstərən dönərxanada əsasən toyuq dönəri hazırlanır. Ərazinin gediş-gəliş baxımından əlverişli olması da müştəri sayına müsbət təsir göstərir. Xəstəxanaya müraciət edən və yaxınlıqdan keçən sakinlər onun əsas müştəriləri sırasındadır.

Rəcbər İsrafilov fəaliyyətindən və qazancından razıdır. O bildirir ki, işindən əldə olunan gəlir gündəlik dolanışığını təmin etməyə imkan verir: “Öz əməyinlə qazanc əldə etmək, müstəqil fəaliyyət göstərmək insana həm maddi, həm də mənəvi baxımdan stimul verir”.
Qeyd edək ki, Rəcbər İsrafilov Vətən müharibəsində sonadək iştirak edib. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində aparılan döyüşlərə qatılan gənc müxtəlif medallarla təltif olunub. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı son məlumata əsasən, tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. Onlardan 13 min 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar. Digərləri münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunublar. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib.
Müxbir - Günel Türksoy