Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı
Bakı, 2 noyabr, AZƏRTAC
Şuşa şəhərində İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə “Zəfər” II Beynəlxalq Elmi-Araşdırmalar Konfransı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə, Kipr, Qazaxıstan, Rusiya, Albaniya, Nigeriya, Kanada və Makedoniyadan olan alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq tədbir müxtəlif elm sahələri üzrə tədqiqatların təqdim olunması, elmi təcrübə mübadiləsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından mühüm platforma rolunu oynayıb.
Konfransın plenar iclası Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın Təşkilat Komitəsinin sədri, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova çıxışında tədbirin təşkilati və elmi əhəmiyyətini vurğulayaraq müxtəlif ali təhsil müəssisələri və elmi qurumlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib. O, başda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Zəfəri bizə yaşadanlara ehtiramını ifadə edib.
Konfransın bütün təşkilat və elmi komitəsinə təşəkkürünü bildirən Tünzalə Yusifova beynəlxalq elmi platformaların tədqiqatçıların elmi potensialının üzə çıxarılması, elmi nəticələrin paylaşılması və yeni birgə təşəbbüslərin formalaşdırılması üçün yaratdığı imkanlardan bəhs edib.
İKSAD-ın Azərbaycan üzrə baş direktoru filologiya üzrə fəlsəfə doktoru Əlvan Cəfərov müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirən belə elmi platformaların beynəlxalq əməkdaşlığın inkişafı və elmi bilik mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Konfransın Azərbaycanın tarixi Zəfərinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu mövzunun beynəlxalq elmi müstəvidə təbliğinin vacibliyinə diqqət çəkib.
Açılış mərasimində ADPU-nun Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Şuşa Zəfəri – Ali Baş Komandanın, millətin və ordunun sarsılmaz birliyinin təntənəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şuşa Zəfərinin tarixi-siyasi əhəmiyyəti, Azərbaycan xalqının milli birliyi və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mahiyyəti diqqətə çatdırılıb.
Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Müxtəlif elm sahələrini əhatə edən məruzələr dinlənilib, aktual elmi problemlər ətrafında müzakirələr aparılıb, iştirakçılar öz tədqiqat nəticələrini beynəlxalq elmi auditoriyanın diqqətinə çatdırıblar.
Konfrans çərçivəsində iştirakçılar üçün Qarabağın tarixi və mədəni irsi ilə tanışlıq məqsədilə Ağdam Cümə məscidinə, Əsgəran qalasına və Xankəndi şəhərində yerləşən Zəfər parkına ekskursiyalar təşkil olunub. Bu səfərlər iştirakçılara Qarabağın zəngin tarixi, mədəniyyəti, memarlıq nümunələri və təbii gözəllikləri ilə yaxından tanış olmaq, bölgədə aparılan bərpa və quruculuq işlərini müşahidə etmək imkanı yaradıb.
Konfransın işi onlayn bölmələr üzrə davam etdirilib, müxtəlif ölkələri təmsil edən iştirakçıların elmi məruzələri dinlənilib. Həmçinin proqram çərçivəsində Şuşanın tarixi məkanlarına tanışlıq səfərləri təşkil olunub.