Ori Gerşt: “Nar” filmində dağıntı anı yeni kompozisiyanın başlanğıcına çevrilir
Bakı, 2 noyabr, AZƏRTAC
Sərgidə nümayiş olunan “Nar” adlı filmim XVII əsrdə yaşamış ispan barokko rəssamı Xuan Sançes Kotanın eyniadlı rəsm əsəri əsasında hazırlanıb.
Bunu AZƏRTAC-a açıqlamasında “Baku Art Weekend” layihəsinin iştirakçısı, Londonda yaşayan rəssam Ori Gerşt deyib.
Rəssam bildirib ki, Kotanın yaradıcılığında onu cəlb edən məqamlardan biri kompozisiyada tarazlıq, mükəmməl müvazinət yaratmaq cəhdi olub. Onun sözlərinə görə, sənət tarixi ilə müasir dövr arasındakı münasibət, eləcə də yeni texnologiyaların dünyanı təsvir və qavrama üsullarına təsiri yaradıcılığında mühüm yer tutur.
Ori Gerşt qeyd edib ki, əsəri yaradarkən XVII əsrə xas statik kompozisiyadan çıxış edib və həmin mənzərəni studiyada yenidən quraraq canlandırıb. İlk baxışdan rəsm əsərini xatırladan bu görüntüdə qəfil, cəmi bir saniyə ərzində baş verən şiddətli müdaxilə qeydə alınıb: güllə kadrdan keçərək narı parçalayır.
“Hadisə saniyədə 1600 kadr sürətlə lentə alınıb. Beləliklə, real vaxtda cəmi bir saniyədə baş verənləri zamanın ayrı-ayrı anlarında müşahidə etmək mümkündür. Adi gözlə görə bilməyəcəyimiz hadisələri izləyə bilirik. XVII əsrdə Xuan Sançes Kota belə bir şeyi təsəvvürünə belə gətirə bilməzdi”, – deyə rəssam vurğulayıb.
O bildirib ki, texnologiyaların inkişafı ilə reallıq da daim dəyişir və dünya haqqında biliklərimizi genişləndirir. Yeni texnologiyalar dünyanın mahiyyətini görmək və dərk etmək üçün qarşımızda fərqli imkanlar açır. Bir şeyi gördükdən sonra isə əvvəlki düşüncə tərzimizə qayıtmaq mümkün olmur.
“Bunun üçün mikroskopu misal göstərmək olar. Mikroskop vasitəsilə mikroskopik canlıları görənədək onların mövcudluğundan xəbərsiz idik. Lakin onları gördükdən sonra həmin canlılar düşüncəmizin və dünyanı qavrayışımızın bir hissəsinə çevrildi. Artıq virusların və digər mikroskopik canlıların mövcudluğunu nəzərə almadan dünyanı təsəvvür edə bilmərik”, – deyə Ori Gerşt əlavə edib.
Rəssamın sözlərinə görə, yaradıcılığında onu düşündürən digər mövzulardan biri dağıntı ilə yaradılış arasındakı gərginlikdir. Bəzən bir şey məhv olarkən başqa bir şey yaranır. Dağıntı anı yalnız fəlakət deyil, həm də yeni imkanların meydana çıxması üçün başlanğıc ola bilər.
“Bunun ən bariz nümunəsi kainatın Böyük partlayış nəticəsində yaranmasıdır. Bu, kainat tarixində ən şiddətli hadisə olub, həyat isə məhz onun nəticəsində meydana gəlib. Bu əsərdə dağıdıcı hadisənin şahidi oluruq. Lakin az sonra təcrübə tamamilə fərqli mərhələyə keçir: narın hərəkətini izlədikcə meditativ, düşüncəyə dalmağa imkan verən mənzərə ilə qarşılaşırıq. Nar kadr boyunca hərəkət edir və nəticədə yeni kompozisiya yaranır”, – deyə rəssam bildirib.
Müxbir – Günel Alıyeva