Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq
Bakı, 2 noyabr, AZƏRTAC
Cənubi Koreya 2027-ci ilədək süni intellekt və yarımkeçiricilər sahələrinə ayırdığı vəsaiti ikiqat artıraraq rekord həddə – 16 milyard dollara çatdırmağı planlaşdırır.
AZƏRTAC İraq Xəbər Agentliyinə (İNA) istinadla bildirir ki, bunu Cənubi Koreya Prezidenti Li Ce Myonq parlamentdə 2027-ci ilin dövlət büdcəsi ilə bağlı illik çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, yarımkeçiricilər, süni intellekt və data mərkəzləri sahələrinə 21,3 trilyon von (16 milyard dollar) vəsait ayrılacaq. Bu məbləğ cari ildə süni intellektə ayrılmış vəsaitdən təxminən iki dəfə çoxdur.
Prezident bildirib ki, ölkənin milli süni intellekt modelinin qlobal səviyyədə rəqabət qabiliyyətini artırmaq üçün qabaqcıl layihələrə 4,7 trilyon von vəsait yönəldiləcək. Prezident milli süni intellekt modelini strateji milli aktiv kimi xarakterizə edib.
Bildirilib ki, Cənubi Koreya hökuməti ölkədə süni intellekt, robot texnikası və pilotsuz uçuş aparatlarına əsaslanan, insan və pilotsuz avtonom sistemləri vahid mexanizmdə birləşdirən texnologiyaların tətbiqi ilə ordunun müasir və yüksəktexnologiyalı qüvvəyə çevrilməsini planlaşdırır.