Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova
Bakı, 2 noyabr, AZƏRTAC
Hər bir millətin intellektual kimliyi və mənəvi ruhu onun dilini, tarixini və folklor yaddaşını qoruyaraq gələcək nəsillərə ötürən ziyalıların fəaliyyəti ilə formalaşır. Azərbaycan elmi və pedaqoji mühitində bu missiyanı ömür amalına çevirən şəxsiyyətlərdən biri də filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Mahirə Hüseynovadır.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, elmi işçi Aynurə Əliyevanın “Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova-66” sərlövhəli məqaləsində yer alıb.
Müəllif qeyd edir ki, Mahirə Hüseynova sözün həm elmi mahiyyətini araşdıran dilçi-alim, həm də onun bədii ruhunu yaşadan şairə və nasir kimi tanınır. Pedaqoji fəaliyyətə müəllim kimi başlayan alim sonralar doğma ADPU-da kafedra müdiri, Filologiya fakültəsinin dekanı və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb.
Professorun elmi yaradıcılığında Azərbaycan dilinin dialektologiyası, folklor və etnolinqvistik irsin araşdırılması xüsusi yer tutur. Xüsusilə Qərbi Azərbaycanın, o cümlədən Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığının sistemli tədqiqi alimin mühüm elmi xidmətlərindəndir. O, unudulmaqda olan dialekt və şivələri, qədim söz və ifadələri araşdırmaqla xalqımızın dil yaddaşının qorunmasına töhfə verib. Monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri və çoxsaylı elmi məqalələri onun zəngin yaradıcılıq fəaliyyətinin göstəricisidir.
Məqalədə qeyd olunur ki, Mahirə Hüseynovanın alim kimliyini tamamlayan mühüm cəhətlərdən biri də bədii yaradıcılığıdır. Mahirə Nağıqızı imzası ilə tanınan müəllifin nəsr və poeziyasında Vətən sevgisi, tarixi yaddaş, ana məhəbbəti və milli-mənəvi dəyərlər əsas yer tutur. “Mənim çəkmələrim”, “Ağsaqqallar”, “Xırman yeri”, “Saz havası”, “Lumu”, “Sandal” və “İpək köynək” hekayələrində insan taleləri, yurd həsrəti və mənəvi bağlılıq təsirli bədii boyalarla əks olunur. Xüsusilə “Mənim çəkmələrim” hekayəsində 1988-ci ildə Dərələyəzdən didərgin düşən bir ailənin faciəsi balaca qızın yaddaşı vasitəsilə təqdim edilir. “Saz havası”nda isə Vətən həsrəti ananın xatirələri və Aşıq Nəsibin sazında səslənən doğma el havaları ilə ifadə olunur. Onun nəsrində unudulmaqda olan “muxru”, “billikan”, “məviz” kimi sözlərə yer verməsi dilçi-alimlə yazıçı təfəkkürünün vəhdətini nümayiş etdirir. Poeziyasında da Vətən və Ana əsas mövzulardır. Şairə üçün Vətən insanın ruhunu sığındırdığı mənəvi ünvan, ana nəfəsi və doğma yurdun yaddaşıdır.
Məqalə bu fikirlərlə yekunlaşır: “Professor Mahirə Hüseynova alim, pedaqoq və yaradıcı şəxsiyyət kimi Azərbaycan elmi və ədəbi mühitində özünəməxsus mövqeyə malikdir. Onun tələbələrin yetişməsinə, gənc tədqiqatçıların inkişafına göstərdiyi diqqət və milli-mənəvi dəyərlərə bağlılığı ziyalı şəxsiyyətinin əsas xüsusiyyətlərindəndir. Hörmətli Mahirə xanımı 66 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və yeni elmi uğurlar arzulayıram.
“Kitabi-Dədə Qorqud” boylarındakı alqışlar kimi:
Yerli qara dağların yıxılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsin!
Qamən axan görklü suyun qurumasın!
Ömrünüz uzun, qələminiz iti, sözünüz çıraq olsun!
Adınızı ananız Nazlı Ana qoyub, yaşınızı Tanrı versin!”