Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs – Gəncədə simpozium
Gəncə, 2 noyabr, AZƏRTAC
Gəncədə Nizami Gəncəvi Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs” mövzusunda beynəlxalq simpozium təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, simpozium Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Nizami Gəncəvi Muzeyi ilə AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin birgə təşkilatçılığı, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Gəncə Dövlət Regional Kollecinin və “Etno Miras” Araşdırma və Tədqiqat Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.
Beynəlxalq simpoziumda müxtəlif ölkələri təmsil edən nizamişünas-alimlər, professorlar, tədqiqatçılar, mədəniyyət xadimləri və qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsi, yaradıcılığında əksini tapan ümumbəşəri dəyərlər, dünya ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələr, eləcə də mədəniyyətlərarası dialoqun inkişafında Nizami irsinin rolu barədə fikir mübadiləsi aparılıb.
Simpoziumun əsas məqsədi dahi mütəfəkkirin irsinin beynəlxalq miqyasda təbliği, nizamişünaslıq sahəsində elmi əlaqələrin genişləndirilməsi, müxtəlif ölkələrin alimləri arasında fikir mübadiləsinin təşviqi və ortaq mənəvi dəyərlərin qorunmasına töhfə vermək olub.
Beynəlxalq simpozium Nizami Gəncəvinin zəngin irsinin dünya miqyasında tanıdılması, Azərbaycanın çoxəsrlik ədəbi-mədəni ənənələrinin beynəlxalq səviyyədə təbliği, həmçinin elmi və mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platforma kimi diqqət çəkib.
Müxbir - Elcan Məmmədov