Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb
Bakı, 2 noyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini və tarixi çıxışlarını əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 14-cü kitabı yenidən nəşr olunub.
AZƏRTAC xəbər verir ki, nəşrdə Ümummilli Liderin 1996-cı il iyulun 13-dən oktyabrın 3-dək müxtəlif ölkələrə səfərləri, keçirdiyi görüşlər, çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və digər mühüm materiallar toplanıb. Kitabda Heydər Əliyevin Azərbaycana rəsmi səfər etmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşləri, Rusiya Federasiyasına səfəri zamanı bu ölkənin müdafiə və xarici işlər nazirləri ilə danışıqları, eləcə də böyük Azərbaycan şairləri Məhəmməd Füzulinin və Əliağa Vahidin yubiley tədbirlərindəki çıxışları yer alıb. Nəşrdə xüsusi diqqət çəkən materiallardan biri 1996-cı il iyulun 13-də Avropa Şurasının yüksəksəviyyəli nümayəndə heyəti ilə görüşdən sonra keçirilən mətbuat konfransında Heydər Əliyevin çıxışıdır. Ümummilli Lider Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq niyyətini ifadə edərək, bu istiqamətdə əməli addımların atılacağını vurğulayıb.
Çoxcildliyin bu nəşrində, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadiyyatına keçid dövrünün çətinliklərinin aradan qaldırılması, kənd təsərrüfatının inkişafı, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri, eləcə də Ermənistanın təcavüzünün ağır nəticələri ilə bağlı materiallar əksini tapıb.
Qeyd edək ki, çoxcildlik Heydər Əliyevin siyasi fəaliyyətini, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işləri əks etdirən mühüm tarixi mənbələrdən biridir. Nəşrdə yer alan tarixi sənədlər həmin dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi, dövlət müstəqilliyinin qorunması və ölkənin qarşılaşdığı siyasi, iqtisadi və hərbi çağırışların aradan qaldırılması istiqamətində həyata keçirilən siyasətə aydınlıq gətirir. Kitab oxuculara Ümummilli Liderin dövlətçilik strategiyası, diplomatik fəaliyyəti və müstəqil Azərbaycanın gələcək inkişafına dair baxışları ilə tanış olmaq imkanı yaradır.
Bütün bu dəyərli fikirlərlə çoxcildliyin 14-cü kitabında tanış olmaq mümkündür. Kitabda yer alan materiallar həmin dövrün hadisələri haqqında geniş təsəvvür yaradır.
Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.