® Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında cümə seminarı keçirilib.
Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev cümə seminarlarının rezidentlərin peşəkar inkişafında, müasir tibbi biliklərin mənimsənilməsində və klinik təcrübənin təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, bu cür elmi tədbirlərin mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və aktual tibbi məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Seminarın məruzəçisi, “Baku Nutrition Center”in direktoru, anestezioloq-reanimatoloq, klinik qidalanma üzrə mütəxəssis İlqar Kərimov “Qida çatışmazlığı və nutritiv-metabolik dəstək” mövzusunda təqdimatla çıxış edib.
Məruzə zamanı qida çatışmazlığının yaranma səbəbləri, onun xəstələrin ümumi vəziyyətinə və müalicə nəticələrinə təsiri, eləcə də nutritiv-metabolik dəstəyin klinik praktikada əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin xəstələrin qidalanma vəziyyətinin qiymətləndirilməsi, fərdi qidalanma ehtiyaclarının müəyyənləşdirilməsi və müasir klinik yanaşmalar əsasında nutritiv dəstəyin təşkili məsələlərinə toxunulub.
Təqdimat zamanı səsləndirilən elmi-praktik məlumatlar rezidentlərə klinik qidalanma və nutritiv-metabolik dəstək sahəsində müasir yanaşmalarla tanış olmaq imkanı yaradıb. Seminar rezidentlərin mövzu ilə bağlı suallarının cavablandırılması və klinik nümunələr ətrafında aparılan fikir mübadiləsi ilə yekunlaşıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən cümə seminarları rezidentlərin ixtisas hazırlığının dəstəklənməsi, müxtəlif tibbi sahələr üzrə biliklərinin genişləndirilməsi və nəzəri biliklərin klinik təcrübə ilə əlaqələndirilməsi məqsədi daşıyır.