Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir
Bakı, 2 noyabr, AZƏRTAC
“Gəncə” ilə mövsümün əvvəlində komandadan ayrıldıqdan sonra əlaqə saxladıq. Rəhbərliklə görüşərək komandanı necə daha yaxşı vəziyyətə gətirə biləcəyimizi, daha yaxşı nəticələr üçün nə etməli olduğumuzu müzakirə etdik. Bir sıra məsələlər ətrafında fikir birliyinə gəldik və beləliklə, birlikdə çalışmağa başladıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gəncə” basketbol komandasının türkiyəli yeni baş məşqçisi Murad Dikmən deyib.
Mütəxəssis mövsüm üçün hədəflərindən və heyətdə mümkün dəyişikliklərdən danışıb.
“İlk növbədə, Azərbaycan Basketbol Liqasını ilk dördlükdə başa vurmaq istəyirik. Hətta bunu bacarsaq, ilk üçlükdə yer almağı hədəfləyirik. Çünki bu, pley-off mərhələsinin yarımfinalında meydan üstünlüyü qazanmaq baxımından vacibdir. Bunun üçün məşqləri daha da yaxşılaşdırmalı, bəlkə də heyətə bir-iki oyunçu cəlb etməliyik. Düşünürəm ki, bu yolla məqsədimizə çata bilərik”, - deyə Murad Dikmən vurğulayıb.
Türkiyəli baş məşqçisi kluba FIBA Avropa Kubokunun qrup mərhələsində Bolqarıstanın “Rilski Sportist” komandası ilə keçirilməli olan oyuna görə verilən texniki məğlubiyyətə də toxunub: “Bolqarıstan komandası ilə oyuna görə verilən texniki məğlubiyyətin detalları barədə dəqiq məlumatım yoxdur. Hazırda bunun komandaya ciddi təsir etdiyini düşünmürəm. Çünki biz yeni başlanğıc etdik və ilk görüşümüzdə çox güclü rəqibə qalib gəldik. Cəmi iki gün sonra, lazımi səviyyədə məşq etmək imkanımız olmadan və çoxsaylı zədələrə baxmayaraq, gənc oyunçulardan təşkil olunmuş heyətlə də yaxşı nəticə qazandıq. İndi əsas məqsədimiz komandanı daha güclü oyuna qaytarmaq və mübarizə əzmini artırmaqdır. Nəticələr də bundan sonra gələcək. Heç kimin motivasiyasının aşağı düşdüyünü düşünmürəm. Qarşıda Rumıniyada səfər qarşılaşmamız var və orada yaxşı oynayaraq müsbət nəticə qazanmaq istəyirik”.
Türkiyəli çalışdırıcı bildirib ki, mövsümün ortasında komandaya gəlmək məşqçi üçün asan deyil: “Çünki heyəti sən formalaşdırmamısan və oyunçuları öz sisteminə uyğunlaşdırmalısan. Buna baxmayaraq, basketbolçular qısa müddətdə sistemimizə uyğunlaşdılar. Mən də onların oyununu təhlil etdim, hər birinin meydandakı rolunu, güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirdim. Mövsümün əvvəlində gəlib heyəti rəhbərliklə birlikdə formalaşdıra bilsəydik, bəlkə də indi tamam başqa şeylərdən danışırdıq. Amma hələ gec deyil. Geniş heyət dəyişikliyi etmək istəmirik. Çünki bu, komandanın kimyasına və oyunçular arasındakı münasibətlərə mənfi təsir göstərə bilər. Bir-iki transfer etməyi planlaşdırırıq. Əlimizdə yaxşı oyunçu potensialı var və əsas məqsədimiz onlardan maksimum faydalanmaqdır”.
Daha əvvəl "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Basketbol Liqasının və ölkə kubokunun gümüş medallarını qazanan M.Dikmen Azərbaycandan ayrıldığı vaxtla müqayisədə basketbolda böyük dəyişikliklər gördüyünü söyləyib: “Əvvəllər ölkəni avrokuboklarda bir komanda təmsil edirdisə, ötən mövsüm bu say üçə yüksəldi. Onlardan biri Çempionlar Liqasında çıxış edən “Sabah” idi. Bu mövsüm isə artıq dörd komandamız Avropada mübarizə aparır. 3x3 basketbolunda qadınlarımız böyük uğurlar qazanmağa başlayıblar, aşağı yaş qrupları üzrə milli komandalar da irəliləyir. Gənc oyunçulara liqada daha çox şans verilir. Yerli basketbolçuların inkişafını, hakimlərin səviyyəsinin yüksəlməsini də görürəm. Son iki ildə Azərbaycan basketbolu daha baxımlı, izlənilməsi və işləməsi maraqlı olan liqaya çevrilib. Bu inkişafda əməyi olan federasiya rəhbərliyinə, məşqçilərə, oyunçulara və media nümayəndələrinə təşəkkür etmək lazımdır. Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir”.