Bakı Avropa Liseyinin “Yaşıl dalğa” aksiyası: şagirdlər endemik bitkilərin tinglərini əkiblər
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Avropa Liseyinin və onun nəzdində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə “Yaşıl dalğa” ekoloji hərəkatının VII aksiyası keçirilib.
Liseydən AZƏRTAC-a bildirilib ki, aksiya Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib. “Şəhərlərimizin flora və faunası” mövzusunu əhatə edən tədbirin əsas məqsədi şagirdlərdə ekoloji şüurun və ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması olub.
Aksiya rəsmi çıxışlarla başlayıb. Çıxışlarda şəhərlərdə yaşıllıq sahələrinin əhəmiyyəti, Azərbaycanın endemik bitkilərinin əkilməsinin vacibliyi və şəhərsalma prosesində ekoloji tarazlığın qorunmasının zəruriliyi vurğulanıb. Sonra lisey şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Tədbir çərçivəsində Azərbaycanın relikt və endemik flora və faunasına həsr edilmiş 70 əsərdən ibarət rəsm sərgisinin açılışı olub. Şagirdlər, həmçinin rəngli təbaşirlərlə “Yaşıl şəhər” mövzusunda rəsmlər çəkiblər.
Aksiyanın ikinci hissəsində şagirdlər Bulvar İdarəsinin mütəxəssislərinin köməyi ilə Azərbaycanın endemik bitkilərinin tinglərini əkiblər. Budəfəki aksiya çərçivəsində əvvəlki illərdə əkilmiş 40 ağacın olduğu əraziyə daha 60 ağac əlavə edilib.
Qeyd olunub ki, 2018-ci ildən həyata keçirilən “Yaşıl dalğa” aksiyaları çərçivəsində Dənizkənarı Bulvarda, “Çayka” restoranının arxasındakı ərazidə lisey şagirdləri tərəfindən 200-dən çox ağac əkilib. Hazırda böyüyən həmin ağaclar ərazinin yaşıllaşdırılmasına və estetik görünüşünün zənginləşdirilməsinə töhfə verir.
Təşəbbüsün əsas məqsədlərindən biri də şagirdlərin ekoloji biliklərini praktiki fəaliyyətlə möhkəmləndirmək, onlara Azərbaycanın zəngin bitki və heyvanat aləmini tanıtmaq, təbiətin qorunmasına məsuliyyətli münasibət aşılamaqdır.
Tədbirdə 200-ə yaxın şəxs iştirak edib. Aksiya bulvarın ziyarətçilərinin və paytaxt qonaqlarının da diqqətini cəlb edib. Xüsusilə şagirdlərin çəkdikləri rəsmlər və ağacəkmə fəaliyyəti ziyarətçilərin marağına səbəb olub. Bir sıra şəxslər belə təşəbbüslərə qoşulmaq istədiklərini bildiriblər.