Rayan Kompans: Bakı memarlığında köhnə ilə yeninin vəhdəti xüsusi maraq doğurur
Bakı, 2 noyabr, AZƏRTAC
“Baku Art Weekend” layihəsində tərəfdaşım Elis Veksel ilə birlikdə yaratdığımız “İçimizdəki vəhşi təbiət” (“The Wild Within” ) adlı əsərlər silsiləsini nümayiş etdiririk.
Bunu AZƏRTAC-a açıqlamasında layihənin iştirakçısı, Niderland-Kanada əsilli rəssam Rayan Kompans deyib.
O bildirib ki, onlar təxəyyüllərində yaratdıqları dünyanı real memarlıq məkanlarına gətirməklə maraqlanırlar. Bu məqsədlə, əsasən, zamanın izlərini daşıyan binaları seçirlər. Həmin tikililər zamanla aşınmış, baxımsız vəziyyətə düşmüş, yaxud özünəməxsus memarlıq xüsusiyyətləri və sənətkarlıq nümunələri ilə seçilən məkanlar ola bilər. Rəssamları xüsusilə müəyyən bir dövrün izlərini qoruyub saxlayan binalar cəlb edir.
Rayan Kompansın sözlərinə görə, daha sonra üçölçülü modelləşdirmə vasitəsilə güllər və bitkilər yaradır, onları seçdikləri məkanlara inteqrasiya edirlər.
“Beləliklə, reallıqla təxəyyülü, fiziki və rəqəmsal dünyanı, keçmişlə bu günü bir araya gətiririk. Əsərlərimizi iri formatlı çaplar, videolar və əl işi şüşə mozaikalar şəklində təqdim edirik. Mozaikalar vasitəsilə memarlıq materialını da əsərlərin fiziki tərkibinə daxil edirik”, – deyə rəssam əlavə edib.
O qeyd edib ki, layihənin ideyası binaları həyatlarının müəyyən bir mərhələsində, mövcud vəziyyətləri ilə təqdim etməkdir. Onlara bitkilər və güllər əlavə etməklə həmin məkanlar barədə şəxsi təəssüratlarını əks etdirirlər.
“Məqsədimiz apokaliptik gələcəyi və ya distopik dünyanı təsvir etmək deyil. Biz daha çox zamanın müəyyən bir anına dair öz xəyalımızı təqdim edirik”, – deyə Rayan Kompans vurğulayıb.
Rəssam əsərlərinin dünyanın müxtəlif ölkələrində nümayiş olunduğunu, hazırda Nyu-Yorkda böyük fərdi sərgisinin açıq olduğunu bildirib. O, Azərbaycanda olmaqdan, eləcə də ölkənin memarlıq nümunələri əsasında yaratdıqları əsərləri burada təqdim etməkdən məmnunluğunu ifadə edib.
Bakıda onu ən çox cəlb edən məqamlardan danışan rəssam bildirib ki, bunlardan biri şəhərin tarixi qatlarının, köhnə ilə yeninin bir araya gəlməsidir.
“Sovet dövrü memarlığından ənənəvi Azərbaycan memarlıq formalarınadək müxtəlif üslublar burada vəhdət təşkil edir. Bu müxtəliflik olduqca maraqlı mənzərə yaradır və diqqətimi xüsusilə cəlb edir”, – deyə Rayan Kompans vurğulayıb.