Bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işləri həyata keçirib
Bakı, 2 noyabr, AZƏRTAC
Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 21 min metrdən çox qazma işləri həyata keçirilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,3 faiz artıb.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,7 milyon ton neft, 1,7 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin üçüncü rübü üzrə Azərbaycanda 6,6 milyon ton xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 5,7 milyard kubmetrdən çox, istehlakı isə 2,3 milyard kubmetrə yaxın olub.
Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,6 milyon tondan çox neft, 632 milyon kubmetrə yaxın qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,8 faiz artım qeydə alınıb.