Dövlət Vergi Xidmətinin əməkdaşı OECD-nin İşçi Qrupunun Büro üzvü seçilib
Bakı, 2 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı Təhminə Əsgərova İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fiskal Məsələlər Komitəsinin Transmilli Müəssisələrin Vergiyə Cəlb Edilməsi üzrə 6 saylı İşçi Qrupunun Büro üzvü seçilib.
DVX-dən AZƏRTAC-a bildirilib ki, 6 saylı İşçi Qrup qlobal miqyasda transfer qiymətləndirilməsi standartlarının müəyyən edilməsi, transmilli şirkətlərin vergidən yayınma hallarının qarşısının alınması və vergi bazasının aşınması (BEPS) layihəsi üzrə qlobal qaydaların formalaşdırılmasına məsul beynəlxalq platformalardan biridir.
Büro üzvlərinin seçilməsi zamanı namizədlərin beynəlxalq vergi sahəsində bilikləri, eləcə də qlobal vergi dialoquna fəal töhfələri əsas meyarlar kimi nəzərə alınır.
DVX əməkdaşının İşçi Qrup Bürosuna üzv seçilməsi Azərbaycanın beynəlxalq vergi əməkdaşlığında artan rolunun, Dövlət Vergi Xidmətinin OECD platformalarındakı uğurlu fəaliyyətinin və ölkəmizin bu sahədə institusional potensialının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.