Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat
Bakı, 2 noyabr, AZƏRTAC
Amerika Ürək Assosiasiyasının Çikaqoda keçirilən "Elmi Sessiyalar 2026" konfransında təqdim olunan yeni müstəqil tədqiqatın nəticələrinə əsasən, hamiləlikdən əvvəl və ya hamiləliyin ilk 20 həftəsində xroniki hipertoniyası olan qadınların kritik anadangəlmə ürək qüsuru olan körpə dünyaya gətirmə riski normal təzyiqi olan analarla müqayisədə 30 faiz daha yüksəkdir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat çərçivəsində ABŞ-də 2018–2024-cü illəri əhatə edən 44 milyondan çox canlı doğuşa dair göstəricilər təhlil olunub. Məlum olub ki, anada xroniki hipertoniyanın yayılma tezliyi 9,4 faizdən 13,9 faizə yüksəlib. Həmin dövrdə körpələrdə həyatın ilk ilində cərrahi müdaxilə tələb edən kritik anadangəlmə ürək qüsurlarının tezliyi isə hər 10 min doğuşa 5,8 haldan 6,4 hala çatıb.
Təhlillər göstərir ki, hamiləlikdən əvvəl 1-ci və ya 2-ci tip diabeti olan qadınlarda bu risk 48 faiz, gestasion (hamiləlik dövründə yaranan) hipertoniyası olanlarda isə 8 faiz artır. Tədqiqat müəllifləri bildirirlər ki, ananın ürək sağlamlığı dölün ürək-damar sisteminin inkişafı ilə birbaşa əlaqəlidir. Bu səbəbdən hamiləlikdən əvvəl və hamiləlik dövründə qan təzyiqinin müntəzəm nəzarətdə saxlanılması və vaxtında həkim məsləhətinin alınması mühüm əhəmiyyət kəsb edir.