İnklüziv incəsənət təbiətə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir
Bakı, 2 noyabr, AZƏRTAC
İnklüziv incəsənət təkcə insanları bir araya gətirməyin yolu deyil, həm də ətraf mühit məsələləri və biomüxtəlifliyin qorunması barədə məlumatlılığın artırılması üçün güclü vasitə ola bilər. İnsanların incəsənət vasitəsilə ətraf mühitə təhdidlər haqqında məlumat əldə etməsi ilə yanaşı, həm də onun mühafizəsi üçün öz məsuliyyətlərini anlaması vacibdir.
AZƏRTAC xəbər verir ki, incəsənət, inklüzivlik və qorunmanı birləşdirən “Sərhədsiz uçuş” (“Flight Without Borders”) sərgisi ziyarətçiləri Şərq imperiya qartalı, digər yırtıcı quşlar və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 78 quş növü dünyası ilə tanış edir.
Sərgi “Bakıya uçuş: Art-uikend. Gələcəyi indi hiss et” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təqdim edilib. Layihə rəqəmsal performans, illüstrasiyalı hekayələr və interaktiv fəaliyyətlər vasitəsilə quşların üzləşdiyi təhdidləri və insan fəaliyyətinin təbii ekosistemlərə təsirini vurğulayır. Təşkilatçılar müxtəlif tələbatları olan ziyarətçilər üçün əlçatanlığa xüsusi diqqət yetiriblər.
“DanceAbility Azerbaijan”ın təsisçisi və direktoru Nigar Sultanova AZƏRTAC-a verdiyi müsahibədə incəsənətin sosial və ətraf mühit dəyişikliklərinə necə töhfə verə biləcəyi, insanlarla təbiət arasında emosional əlaqənin inkişaf etdirilməsinin vacibliyi və təşkilatçıların layihəni daha da inkişaf etdirmək niyyətində olduqları barədə danışıb.

Onun sözlərinə görə, təşkilat doqquz ildir ki, insanları birləşdirmək, habelə sosial dəyişikliklər yaratmaq məqsədilə incəsənət və mədəniyyətdən istifadə edir. COP29-dan bəri bu diqqət tədricən ətraf mühit gündəliyi ilə əlaqələndirilir.
“İnsanların təbiətlə bağlı olduqlarını hiss etmələrini, quşların üzləşdiyi təhlükələri anlamalarını və həll yollarının tapılmasına necə töhfə verə biləcəklərini öyrənmələrini istəyirdik. Bizim üçün incəsənət sadəcə təqdim etdiyimiz layihədən daha çox əhəmiyyətə malikdir. Bu, birlikdə dəyişiklik yaratmaq üçün istifadə etdiyimiz alətdir”, - deyə N. Sultanova qeyd edib.
O izah edib ki, sərginin əsas obrazını seçərkən, təşkilatçılar ziyarətçilərdə təkcə nadir quş növlərinə maraq yaradılmasını deyil, həm də emosional reaksiya doğurmağı qarşılarına məqsəd qoyublar.
Müsahibimiz əlavə edib: “Biz Şərq imperiya qartalını seçdik, çünki insanların sadəcə nəsli kəsilməkdə olan vəhşi təbiət haqqında statistika oxumaqdansa, bu quşla emosional əlaqə qurmalarını istəyirdik. Təbiətlə əlaqəni hiss etdiyimiz zaman onun qorunması şəxsi məsələyə çevrilir”.
N. Sultanova inklüzivlik məsələsinə ayrıca toxunub. Onun sözlərinə görə, əlçatanlıq təşkilatın işinin əsasını təşkil edir və təkcə mədəni tədbirlərdə iştirak etmək üçün lazımi şəraitin yaradılmasını deyil, həm də hər kəsin tam iştirakının təmin edilməsini nəzərdə tutur.

Sərgidə əlil arabasından istifadə imkanı, işarət dilinin tərcüməsi, audiotəsvir, vizual məlumat və sensor vasitələr yer alırdı. Ziyarətçilər, həmçinin quşlardan və Azərbaycan milli rəqsindən ilhamlanan hərəkətlərdə iştirak edə bildilər.
“İnklüzivlik əlçatanlıqdan daha genişdir. Biz hər bir ziyarətçinin özünü sərgidə göründüyünü, eşidildiyini və iştirak etdiyini hiss etməsini istəyirdik”, - deyə o bildirib.
Layihənin əsas mesajından danışan N. Sultanova insanlarla ətraf mühitin qarşılıqlı əlaqəsini vurğulayıb: “Biz təbiətin mərkəzi deyilik. Biz onun bir hissəsiyik. Hər şey bir-biri ilə bağlıdır və hərəkətlərimiz paylaşdığımız dünyaya, eləcə də gələcək nəsillərə qoyduğumuz mirasa təsir göstərir”.
Agentliyin müsahibinin sözlərinə görə, festivalın başa çatması layihənin sonu demək deyil. Təşkilatçılar artıq sərgi zamanı qaldırılan məsələləri və təklifləri müvafiq qurumlarla bölüşməyə başlayıblar, habelə quşlar üçün təhlükələrin azaldılması məqsədilə praktik həll yollarının müzakirə ediləcəyi əlavə görüşlər planlaşdırırlar.
“Məqsədimiz məlumatlılığı və kollektiv iştirakı konkret hərəkətlərə, ölçülə bilən, uzunmüddətli dəyişikliklərə çevirməkdir. Bu işi il ərzində davam etdirəcək və əldə edilən nəticələr barədə hesabat verəcəyik”, - deyə N. Sultanova sözlərini yekunlaşdırıb.
Müxbir - Lalə Minasazova