Petro Romanov: Müharibədən sonra Azərbaycan şirkətləri Ukraynanın energetika infrastrukturunun bərpasında iştirak edə bilər
Kiyev, 2 noyabr, AZƏRTAC
Müharibə bitdikdən sonra Ukraynada energetika infrastrukturunun genişmiqyaslı bərpası və modernləşdirilməsi həyata keçiriləcək. Bu, əhəmiyyətli investisiyalar, müasir avadanlıqlar, mühəndislik həlləri və beynəlxalq tərəfdaşların iştirakını tələb edəcək. Bərpa işləri Azərbaycan şirkətləri üçün energetika və elektrik avadanlıqlarının təchizatından tutmuş generator qurğularının, yarımstansiyaların, şəbəkə infrastrukturunun, bərpaolunan enerji qurğularının, enerji saxlama sistemlərinin tikintisi və modernləşdirilməsində iştirak etməyə qədər geniş imkanlar açır.
Bu barədə AZƏRTAC-a Azərbaycan-Ukrayna Enerji Assosiasiyasının ukraynalı həmsədri Petro Romanov bildirib.
O əlavə edib: “Fikrimcə, iki ölkənin mühəndislik, istehsal və investisiya imkanlarını birləşdirən birgə Ukrayna-Azərbaycan konsorsiumlarının yaradılması xüsusilə perspektivli ola bilər. Bu format təkcə avadanlıq təchizatı mərhələsində deyil, artıq hazırlıq və dizayn mərhələsində olan əsas infrastruktur layihələrində iştirak etməyə imkan verəcək”.
P. Romanovun sözlərinə görə, Ukraynanın bərpası sadəcə zədələnmiş obyektlərin əvvəlki vəziyyətinə qaytarılması məsələsi deyil. Bu, daha müasir, dayanıqlı və texnoloji cəhətdən inkişaf etmiş enerji sistemi yaratmaq üçün fürsətdir. O, Ukrayna tərəfinin Azərbaycan şirkətlərinin bu prosesdə fəal iştirakçı olmasını istədiyini vurğulayıb.
“Bu gün biz əməkdaşlığa avadanlıq təchizatından və ya fərdi texnologiyaların tədarükündən daha geniş miqyasda baxırıq. Söhbət elmi potensialı, mühəndislik təcrübəsini və sənaye istehsalını birləşdirən tamhüquqlu texnoloji tərəfdaşlıqdan gedir. Bu format bizə hər iki ölkənin ixtisaslaşmış təşkilatlarını və müəssisələrini, zərurət yarandıqda isə beynəlxalq texnologiya tərəfdaşlarını cəlb etməklə konkret enerji layihələri üçün birgə kompleks həllər hazırlamağa imkan verir. Bu əməkdaşlığın Azərbaycan ilə Ukrayna arasında uzunmüddətli sənaye əməkdaşlığının inkişafına və birgə texnoloji həllərin yaradılmasına töhfə verməsi bizim üçün xüsusilə vacibdir”, - deyə Petro Romanov bildirib.