Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində “Açıq qapı” günləri davam etdirilir.
VK-dən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 27-də start verilən aksiya çərçivəsində vətəndaşlara müxtəlif ünvanlarda pulsuz hüquqi yardım göstərilir.
Belə ki, ötən həftə ərzində “Pro Bono” və Bakı şəhəri 20, 21 və 22 saylı Vəkil büroları tərəfindən “Açıq qapı” günləri təşkil olunub.
Aksiyalar zamanı ümumilikdə 70-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşların müraciətləri əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktların müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil məsələləri və digər sosial problemlərlə bağlı olub. Müraciətlər əsasında vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri hüquqi sənədlər, o cümlədən yazılı ərizələr hazırlanıb.
Qeyd edək ki, bu həftə ərzində Bakı şəhəri 25, 26, 27 və 28 saylı Vəkil bürolarında da pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulur.
Aksiya çərçivəsində aztəminatlı və sosial baxımdan həssas qruplara aid vətəndaşlar qeyd olunan vəkil qurumlarına müraciət edərək hüquqi məsələləri ilə bağlı pulsuz məsləhət və digər hüquqi yardım xidmətlərindən yararlana bilərlər.