Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub
Bakı, 2 noyabr, AZƏRTAC
2026-cı ilin oktyabrında “YouTube” bir ay əvvəl lider mövqeyində olan “Facebook”u əhəmiyyətli dərəcədə üstələyərək Azərbaycanın aparıcı sosial media platformasına çevrilib. Bu tendensiya sosial mediadan onlayn resurslara gələn trafikin strukturunda əhəmiyyətli dəyişikliyi əks etdirir.
AZƏRTAC “StatCounter Global Stats” analitik platformasının oktyabr hesabatına istinadla xəbər verir ki, məlumata görə, “YouTube” platformasının ölkədəki ümumi sosial media trafikində payı 40,07 faizə çatıb. Bu, sentyabr ayı ilə müqayisədə 18,48 faiz bəndi artım deməkdir.
Digər tərəfdən, “Facebook” bu göstərici üzrə ay ərzində 9,66 faiz bəndi azalaraq 27,42 faizlik payla ikinci yerə düşüb.
“X” platforması (əvvəllər “Twitter” adlanırdı) sosial trafikin 10,19 faizini təşkil edərək üçüncü yeri qoruyub saxlayıb. Onun payı 0,87 faiz bəndi azalıb.
“Instagram” 7,34 faizlik payla dördüncü yeri tutub. Ay ərzində onun payı 5,05 faiz bəndi azalıb.
“Pinterest” və “LinkedIn” müvafiq olaraq 6,32 və 5,49 faizlə sonrakı yerlərdə qərarlaşıb. “Pinterest”in payı 1,54 faiz bəndi azalsa da, “LinkedIn” 0,24 faiz bəndi ilə cüzi artım nümayiş etdirib.
“YouTube” platformasının göstəriciləri xüsusilə diqqətəlayiqdir. Sentyabr ayında “Facebook” ilə “YouTube” arasındakı fərq birincinin xeyrinə təxminən 15,5 faiz bəndi olsa da, oktyabr ayına qədər videohostinq platforması nəinki fərqi azaldıb, həm də rəqibini 12,65 faiz bəndi geridə qoyub.
Beləliklə, cəmi bir ay ərzində “YouTube” Azərbaycanın aparıcı sosial platformaları arasında güc balansını dəyişdirib. Bu arada, “Instagram” və “Facebook”un göstəricilərinin azalması sosial trafikin strukturunda əhəmiyyətli dalğalanmaları göstərir. Lakin bu məlumatlar onların istifadəçilərinin sayının birbaşa azaldığı, “YouTube” auditoriyasının isə mütənasib olaraq artdığı anlamına gəlmir. “StatCounter” qeydiyyatdan keçmiş və ya aktiv istifadəçilərin sayını deyil, müxtəlif sosial platformalardan veb-saytlara girişlərin payını ölçür.
Platformanın metodologiyasına əsasən, statistika dünya miqyasında 1 milyondan çox veb-saytın səhifə baxışlarının təhlili əsasında tərtib edilir. Bu statistikaya sosial şəbəkələrdən həmin resurslara girişlər daxildir.