Daha bir rəqəmsal xidmət təchizatçısı Azərbaycanda ƏDV qeydiyyatına alınıb
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı - “Appcharge Ltd.” vergi uçotuna alınıb.
DVX-dən AZƏRTAC-a bildirilib ki, şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il noyabrın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqində əldə olunan mühüm nəticələrdəndir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Azərbaycanda ƏDV qeydiyyatına alınmış rəqəmsal xidmət təchizatçılarının sayı 24-ə çatıb. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.