Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər
Bakı, 2 noyabr, AZƏRTAC
Almaniyanın nazirləri dünən gecə Frankfurtda mağazalara zərər verən və 100-dən çox polis əməkdaşını yaralayan talançılar və iğtişaşçılara sərt cəza veriləcəyi ilə hədələyiblər.
AZƏRTAC xəbər verir ki, şənbə günü on minlərlə insanın daha yaxşı təhsil və aşağı yaşayış xərcləri tələbi ilə Almaniyanın onlarla şəhərində mitinq keçirməsindən sonra Frankfurt əsas qarşıdurma nöqtəsinə çevrilib. “Reuters” agentliyinin məlumatına görə, etiraz aksiyası “Gen Z regelt” (“Z” nəsli hakimiyyəti öz əlinə alır) fəal qrupu tərəfindən təşkil edilib.
Hessen torpağının daxili işlər naziri Roman Posek bazar günü keçirilən mətbuat konfransında bildirib ki, Frankfurt şəhərinin maliyyə mərkəzində iğtişaşçılar 17 mağazaya zərər vurublar ki, bunlardan beşi talan edilib.
O, 1300 polis əməkdaşının səfərbər olunduğunu, onlardan 100-dən çoxunun toqquşmalarda yaralandığını bildirib. Polis 13 ilə 29 yaş arasında 54 nəfəri saxlayıb.

“Gördüklərimdən şoka düşdüm və vəziyyəti şişirtməyin mənası yoxdur. Açıq deyim: bu, belə davam edə bilməz”, - deyə Roman Posek bildirib.
Nazir həbs olunanların əksəriyyətinin Almaniya vətəndaşı olduğunu bildirib və polisdən aldığı məlumata istinadla iğtişaş törədənlərin çoxunun immiqrant mənşəli olduğunu əlavə edib.
“Polis hazırda əsasən immiqrant mənşəli 1000-1500 zorakı iğtişaş törədənlə məşğul olduğunu təxmin edir”, - deyə o əlavə edib.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib ki, talanlarda məsuliyyət daşıyan şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaqlar.
“Mən ciddi cəzalar gözləyirəm. Biz burada bu cür hadisələrə və iğtişaşlara dözməyə qətiyyən hazır deyilik”, - deyə o, bazar günü jurnalistlərə bildirib.
Dobrindt əlavə edib ki, əhəmiyyətli təhlükəsizlik tədbirlərinə və müxtəlif yerlərdə bölmələrin yerləşdirilməsinə əsaslanan hüquq-mühafizə strategiyası səmərəli olub.