Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH
Bakı, 2 noyabr, AZƏRTAC
Avropa ölkələrində daxili sosial-iqtisadi problemlər fonunda ictimai-siyasi böhran və idarəetmə xaosu getdikcə dərinləşir. Böhranlar kütləvi aksiyalara çevrilir və bu aksiyaları nəzarətdə saxlamaq getdikcə çətinləşir. Xaos zəncirvari reaksiya şəklində Avropa ölkələrinə yayılır: Belçika, Fransa, İspaniya... İndi isə xaos Almaniyanı da bürüməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Onun sözlərinə görə, Avropa uzun illər demokratiyanın, sosial rifahın və iqtisadi sabitliyin əsas mərkəzlərindən biri kimi təqdim olunub. Lakin son illərdə qitənin müxtəlif ölkələrində baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir. Fermerlərin küçələrə çıxması, işçilərin tətil etməsi, hökumətlərin iqtisadi siyasətinə qarşı aksiyaların keçirilməsi və siyasi qərarlara etirazlar bir sıra ortaq problemləri üzə çıxarır. Bu hadisələrin arxasında yalnız bir səbəb deyil, iqtisadi çətinliklərdən siyasi etimad böhranına qədər uzanan mürəkkəb amillər dayanır. Məsələn, Fransada baş verənlər bu günün hadisəsi deyil. Bütün bunlar Emmanuel Makronun illərdir xalqın sosial ehtiyaclarına göz yumaraq həyata keçirdiyi antidemokratik və avtoritar siyasətin nəticəsidir. Vaxtilə “Sarı jiletlilər” hərəkatının etirazları, pensiya islahatlarına qarşı aksiyalar və bu kimi digər hadisələr xalq narazılığının getdikcə artdığını göstərirdi. Bu narazılığın gec-tez belə bir partlayışla nəticələnməsi gözlənilən idi. Bu gün həmin narazılıq özünü daha qabarıq şəkildə göstərir.
Deputat bildirib ki, hazırda Almaniyada daxili vəziyyət gərginləşib. Ölkənin 30-dan çox şəhərini əhatə edən gənclərin kütləvi etirazları oktyabrın 31-də gündüz saatlarında dinc xarakter daşısa da, axşam saatlarında radikal qrupların müdaxiləsi nəticəsində iğtişaşlara çevrilib. Ölkə daxilində və bütövlükdə Avropada dərinləşən iqtisadi və sosial problemlər fonunda baş verən bu hadisələr siyasi elitalar üçün siqnal xarakteri daşıyıb. Oktyabrın 31-də Almaniyada gənclərin (Z nəslinin) çağırışı ilə keçirilən və 30-dan çox şəhəri əhatə edən nümayişlərdə təxminən 160 min nəfər iştirak edib. Bu nümayişlər gənc nəslin mövcud siyasi və sosial-iqtisadi vəziyyətdən artan narazılığının ifadəsinə çevrilib. Almaniya gəncləri təhsilin keyfiyyətinin yaxşılaşdırılmasını, sosial ədalətin bərpasını, işsizliyin aradan qaldırılmasını və əməkhaqlarının artırılmasını tələb edirlər. Onların bildirdiyinə görə, işləyib əməkhaqqı alsalar da, inflyasiya, sosial xərclər və qiymət artımı insanların normal yaşamaq imkanlarını məhdudlaşdırır.
S.Vəliyevin fikrincə, dünyanın müxtəlif regionlarda davam edən münaqişələr Avropa iqtisadiyyatına mənfi təsir edir. Bu da əhalinin rifah halının aşağı düşməsi ilə nəticələnir. Avropa İttifaqının 2026-cı ilin oktyabrında dərc etdiyi məlumatlara görə, üzv ölkələrdə ərzaq və alkoqolsuz içkilərin qiymətləri 2021-ci ilin avqustu ilə müqayisədə 2026-cı ilin oktyabrına kimi təxminən 36 faiz artıb. Bu, xüsusilə aşağı və ortagəlirli ailələrin xərclərini artıran amillərdən biridir. Vətəndaşların etirazları isə sosial ədalət, gəlirlərin bölüşdürülməsi və hökumətlərin iqtisadi siyasəti ilə bağlı sualları ön plana çıxarır ki, bunlar da aksiyaların həm də siyasi xarakter daşıdığına işarədir.
“Bundan əlavə, qitədə tolerantlıq dəyərləri aşınmaya məruz qalır, ksenofob və antimiqrant çağırışlar edən ultrasağçı, radikal millətçi qüvvələrin reytinqi və ictimai-siyasi təfəkkürə təsiri sürətlə artır”, - deyən Samir Vəliyev əlavə edib ki, başqalarına demokratiya və insan haqlarından dərs keçməyə çalışan Fransa və Almaniya kimi ölkələr, ilk növbədə, öz daxili problemlərinin həlli ilə məşğul olmalıdır.