Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanlı iqtisadçı-alim, hüquqşünas, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin müşaviri Nazim Şükürov Dünya Bankı Qrupunun (World Bank Group) eksperti kimi “Business Ready 2026” layihəsinə verdiyi peşəkar töhfəyə görə təşəkkür sertifikatına layiq görülüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Dünya Bankı Qrupunun “Business Ready” bölməsinin meneceri Valeria Perotti tərəfindən təqdim olunan sertifikatda Nazim Şükürovun layihə çərçivəsindəki ekspert fəaliyyəti yüksək qiymətləndirilib. Nazim Şükürova ünvanlanan məktubda alimin fəaliyyətinin siyasət qərarlarının məlumatlandırılmasına və real dəyişikliklərin təşviqinə xidmət edən mühüm qlobal resursun formalaşmasına töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, Nazim Şükürovun Dünya Bankının “Business Ready” layihəsində ekspert iştirakı Azərbaycanın biznes mühitinin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Belə ki, Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycan biznes subyektləri üçün maliyyə xidmətləri üzrə qiymətləndirilən 101 iqtisadiyyat arasında 87,16 balla birinci yeri tutub.