Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY
Bakı, 2 noyabr, AZƏRTAC
Avropanın bir sıra ölkələrində müşahidə olunan etirazlar təkcə daxili siyasi narazılıqlarla deyil, həm də qlobal iqtisadi böhran, müharibələrin yaratdığı enerji böhranı və miqrasiya siyasətinin nəticələri ilə bağlıdır. Enerji daşıyıcılarının qiymətinin artması digər məhsul və xidmətlərin də bahalaşmasına səbəb olur ki, bu da Avropa əhalisinin sosial vəziyyətinə birbaşa təsir göstərir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev bildirib.
Fərhad Mehdiyev qeyd edib ki, hazırda Avropada, xüsusilə Ukraynada davam edən müharibənin yaratdığı iqtisadi nəticələr, eləcə də miqrasiya siyasəti ilə bağlı problemlər qitənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərir. Bununla yanaşı, dünyada müşahidə olunan ümumi iqtisadi geriləmə və Yaxın Şərqdəki hərbi qarşıdurmalar da Avropa iqtisadiyyatına əlavə təzyiq yaradır.
Professor qeyd edib ki, enerji daşıyıcılarının qiymətinin yüksəlməsi digər məhsul və xidmətlərin də bahalaşmasına gətirib çıxarır.
“Dünyada iqtisadi geriləmə prosesi gedir və bunun əsas səbəblərindən biri müharibələrdir. Xüsusilə enerji daşıyıcılarının qiymətlərinin artması bütün digər qiymətlərə mənfi təsir göstərir. Avropa dövlətləri sosial dövlət siyasətini həyata keçirməyə, əhalinin sosial müdafiəsini təmin etməyə çalışan ölkələrdir. Lakin mövcud iqtisadi şərait dövlətlərin konstitusiyalarında nəzərdə tutulan sosial öhdəliklərini tam həcmdə yerinə yetirməsini çətinləşdirir. Nəticədə iqtisadi problemlər birbaşa həmin ölkələrdə yaşayan əhalinin gündəlik həyatında özünü göstərir”, – deyə F.Mehdiyev bildirib.
F.Mehdiyev diqqətə çatdırıb ki, Avropa ölkələrində etiraz aksiyaları zamanı bəzi iştirakçılar tərəfindən cinayət xarakterli əməllərə də yol verilir. Onun fikrincə, bu cür hallarda qanunsuz miqrantların iştirakına da diqqət yetirilməlidir. Belə ki, ayrı-ayrı aksiyalar zamanı mağazaların dağıdılması, xüsusilə bahalı brendlərin satıldığı ticarət obyektlərinin qarət edilməsi kimi hallar müşahidə olunur.
“Bu mitinqlərdə varlı təbəqəyə qarşı müəyyən çağırışların səsləndirildiyini də görürük. Lakin etiraf etmək lazımdır ki, Avropada yüksək gəlir əldə edən şəxslərə kifayət qədər böyük vergi yükü tətbiq olunur. Məsələn, Fransada yüksək gəlirli şəxslərin vergi yükü aşağı gəlirli insanların ödədiyi vergilərlə müqayisədə xeyli fərqlənir. Buna görə də mən yaxın perspektivdə varlı təbəqəyə tətbiq olunan vergilərin daha da artırılacağını düşünmürəm”, – deyə professor vurğulayıb.
F.Mehdiyev əlavə edib ki, Avropada baş verən sosial etirazları yalnız ayrı-ayrı ölkələrin daxili siyasəti çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Çünki hazırkı proseslər qlobal iqtisadi böhran, müharibələr, enerji bazarındakı qeyri-sabitlik və sosial öhdəliklərin icrası ilə bağlı çətinliklərin qarşılıqlı təsiri nəticəsində formalaşır.
Onun fikrincə, bu amillərin Avropa əhalisinin həyat səviyyəsinə təsiri davam etdikcə, sosial narazılıqların iqtisadi və siyasi müstəvidə özünü göstərməsi də istisna edilmir.
Müxbir – Pərvanə Qafarova