Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Qlobal İstedadlar Forumunda məruzəçi qismində iştirak edib.
İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, “Uzbekistan’s Club” və Özbəkistan Respublikasının Prezidenti yanında “El-yurt umidi” Fondunun birgə təşkilatçılığı ilə tarixi “Do’stmatboy” mədrəsəsində təşkil olunan forumda ABŞ, Avropa, Asiya-Sakit okean regionu və qonşu ölkələrdən 100-dən çox beynəlxalq ekspert, dövlət xadimi və təhsil lideri iştirak edib.
Forumda çıxış edən Qədir Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi strateji baxışına uyğun olaraq ölkəmizdə həyata keçirilən 2022-2028-ci illər üçün Dövlət Proqramının əsas istiqamətləri və nəticələri barədə məlumat verib. O, Dövlət Neft Fondu tərəfindən 100 faiz maliyyələşdirilən təhsil modelinin xüsusiyyətləri, Dövlət Proqramı çərçivəsində təhsilə yatırılan sərmayələrin ölkə iqtisadiyyatına birbaşa təsiri, eləcə də ikili diplom proqramlarının əhəmiyyəti haqqında danışıb.
Məruzədə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda təhsil təqaüdü operatorları arasında kadr mobilliyini və tədqiqat imkanlarını genişləndirməyi hədəfləyən “Regional Talent Network” (Vahid Regional Kadr Şəbəkəsi) təşəbbüsü də təqdim olunub.
Səfər çərçivəsində o, “El-yurt umidi” Fondunun icraçı direktoru Qulnoza İsmayılova ilə də görüşüb. Görüşdə hər iki ölkənin insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi dövlət proqramlarının idarəetmə komandaları arasında təcrübə mübadiləsi, birgə monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bundan əlavə, Qədir Xəlilov Fondun Daşkənddə yerləşən mərkəzi ofisini ziyarət edib, rəhbərlik və mütəxəssislərlə işgüzar müzakirələr aparıb.