Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Vətənpərvərlik tərbiyəsi təhsil prosesinin mühüm istiqamətlərindən biridir. Məktəbin vəzifəsi yalnız bilikli, müasir bacarıq və səriştələrə malik məzunlar yetişdirməklə məhdudlaşmır, eyni zamanda, milli-mənəvi dəyərlərə bağlı, Vətəninin tarixini və milli kimliyini dərindən bilən vətəndaşlar formalaşdırmaqdan ibarətdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sitarə Abbasova deyib. O qeyd edib ki, məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə müxtəlif tədbirlər keçirilir, şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur, əlamətdar tarixi günlərə həsr edilmiş layihələr həyata keçirilir. Bu fəaliyyətlərin əsas məqsədi şagirdlərə Vətəni sevməyin, ilk növbədə, onu tanımaqdan başladığını aşılamaqdır: “Vətəni tanımaq onun tarixini, görkəmli şəxsiyyətlərini, bütövlüyü uğrunda canından keçən şəhidlərini tanımaq deməkdir. Torpaqlarımızın azadlığı şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına mümkün olub. Buna görə də çalışırıq ki, şagirdlərimizə yalnız akademik biliklər verməklə kifayətlənməyək, onlarda Vətənə sevgi, milli köklərə bağlılıq və tarixi yaddaş hisslərini də formalaşdıraq”.
Sitarə Abbasova bildirib ki, bu gün məktəb partasında əyləşən şagirdlər gələcəyin qurucularıdır. Onların yüksək bilik və bacarıqlarla yanaşı, güclü vətənpərvərlik ruhunda yetişməsi cəmiyyətin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. O, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu qələbə xalqımızın birliyinin, milli ruhunun, əzminin və Vətən sevgisinin təntənəsidir. Artıq altıncı ildir qeyd olunan Zəfər xalqımızın birliyinin, milli ruhunun və Vətən sevgisinin təntənəsidir. Bu tarixi qələbə şəhidlərin fədakarlığı, qazilərin sağlamlığı, əsgər və zabitlərin qəhrəmanlığı, xalqın sarsılmaz iradəsi bahasına əldə olunub. Zəfər tarixinin gələcək nəsillərə ötürülməsi isə həmin həqiqətlərin şagirdlərə aşılanmasını, onlarda tarixi yaddaş və Vətən qarşısında məsuliyyət hissinin formalaşdırılmasını zəruri edir.