Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH
Bakı, 2 noyabr, AZƏRTAC
Fransada lisey siniflərində müəllim çatışmazlığı və məktəb binalarının yararsız vəziyyətdə olması səbəbindən başlayan etiraz aksiyalarının bir neçə həftə ərzində yüz minlərlə insanı küçələrə çıxaran ümumxalq hərəkatına çevrilməsini təsadüfi qəzəb partlayışı kimi qiymətləndirmək olmaz. Avropanın bu gün üzləşdiyi problemlərə ayrı-ayrı böhranlar kimi yanaşmaq düzgün deyil. Yaşayış xərclərinin artması, enerji təminatı ilə bağlı çətinliklər, miqrasiya və təhlükəsizlik məsələləri eyni sistemli böhranın müxtəlif tərəfləridir. İkinci Dünya müharibəsindən sonra formalaşmış, dövlətin sosial rifahı, təhsili və ictimai xidmətləri təmin etməklə cəmiyyətdə həmrəyliyi qoruduğu ictimai müqavilə artıq dağılmaqdadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli ekspert Ahmet Ziya Gökalp bildirib.
Onun sözlərinə görə, hakimiyyətin verdiyi vədləri əməli addımlarla həyata keçirə bilməməsinin səbəbi məhz bu sistemli dağıntının yaratdığı iqtisadi çətinliklərdədir. “Hökumət əlavə 3 min ehtiyat müəllimin işə cəlb edilməsi, siniflərdə şagird sayının məhdudlaşdırılması və ali məktəblərə qəbul sisteminin yenidən nəzərdən keçirilməsi kimi tədbirlər elan edib. Söhbət Fransada ali təhsilin birinci kursuna qəbul üçün yaradılan rəsmi dövlət internet platforması olan “Parcoursup”dan gedir. Lakin tələbə təşkilatları və həmkarlar ittifaqları təhsilə əlavə 10 milyard avro ayrılmasını tələb etdiyi halda, hökumətin açıqladığı tədbirlər yetərli olmayıb və etirazlar davam edir. Büdcə kəsiri Avropa İttifaqının müəyyən etdiyi 3 faizlik həddi təxminən iki dəfə üstələyən bir ölkədə hökumət, eyni zamanda, həm dövlət xərclərini azaltmalı, həm də ictimai xidmətlərin əhatə dairəsini genişləndirməlidir. Bu iki məqsədi mövcud şəraitdə uzlaşdırmaq mümkün deyil. Nəticədə, maliyyə təminatı olmayan vədlər verilir”, - deyə o vurğulayıb.
Ahmet Ziya Gökalp enerji böhranının mövcud problemləri daha da ağırlaşdırdığını bildirib: “Körfəz regionunda müharibə və Hörmüz boğazının blokadaya alınması nəticəsində enerji təchizatında yaranan fasilələr Fransada enerji qiymətlərinin bir il ərzində 20 faizdən çox artmasına səbəb olub. 2022-ci ildə Rusiyadan qaz tədarükünün dayandırılmasının yaratdığı böhrandan dörd il sonra Avropa artıq ikinci dəfədir ki, enerji təhlükəsizliyinin təmin olunmamasının nəticələrini yaşayır. Bu dəfə də yaranmış vəziyyətin maliyyə yükünü aztəminatlı əhali daşıyır”.
Ekspert miqrasiya ilə bağlı müzakirələrdə səbəb və nəticənin çox vaxt yanlış əlaqələndirildiyini vurğulayıb. “İğtişaşları miqrasiya ilə əlaqələndirən yanaşmanın tərəfdarları etirazların miqrant mənşəli əhalinin sıx yaşadığı şimal ətraf rayonlarında başlamasını buna sübut kimi göstərirlər. ABŞ Prezidenti Donald Tramp da bu yanaşmanı qəbul edir. Halbuki bu fakt tamamilə başqa mənzərəni ortaya qoyur. Etiraz edən gənclər müəllim çatışmazlığına, məktəb binalarının dağılmasına və ədalətsiz hesab etdikləri ali məktəblərə qəbul qaydalarına qarşı çıxırlar. Onlar dövlətin təmin etməli olduğu, lakin onlara göstərmədiyi xidmətləri tələb edirlər. Əsas problem inteqrasiyanın ən çox zəruri olduğu sahələrdə – məktəblərdə və dövlət xidmətləri sistemində dövlətin öz vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsidir. Nə qədər ki, siyasi mərkəz bu narazılığı düzgün istiqamətə yönəldə bilmir, bundan istifadə edən və narazılığı şəxsiyyət siyasətinə çevirən ifrat sağçı qüvvələr mövqelərini möhkəmləndirirlər. Gələn ilin aprelində keçiriləcək seçkilər ərəfəsində Marin Le Penin prezident seçkilərinin birinci turu üzrə rəy sorğularında rəqiblərini xeyli qabaqlaması, oktyabr iğtişaşlarından sonra onun reytinqinin 36-38 faizə yüksəlməsi də təsadüfi deyil, - deyə o əlavə edib.
Ekspert Belçikada da tələbə etirazlarının genişlənməsinə diqqət çəkib. Artıq bir neçə aydır davam edən, Lyejdən Brüsselədək yayılan və getdikcə daha kəskin xarakter alan aksiyalar bu etiraz dalğasının milli sərhədlərlə məhdudlaşmadığını göstərir.
Türkiyəli ekspert fikirlərini yekunlaşdıraraq deyib: “Bu gün Avropanın sabitliyi xarici təhdidlərdən daha çox öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirə bilib-bilməyəcəyindən asılıdır”.