Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb
Bakı, 2 noyabr, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gürcüstan Milli Elmlər Akademiyasının 85 illik yubileyi münasibətilə Tbilisi şəhərində keçirilmiş tədbirdə iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, yubiley tədbirində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Prezident Mixeil Kavelaşvili, Parlamentin sədri Şalva Papuaşvili və təhsil, elm və gənclər naziri Qivi Mikanadze çıxış edərək Milli Elmlər Akademiyasını 85 illik yubileyi münasibətilə təbrik ediblər.
Bir sıra xarici ölkələrin elmi qurumlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli məruzə ilə çıxış edib. Məruzədə Gürcüstan MEA-nın tarixi inkişaf mərhələlərindən söz açılıb.
Yubiley iclasında çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə olduğu kimi elm sahəsində də əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini diqqətə çatdırıb. Xüsusilə AMEA ilə Gürcüstan Milli Elmlər Akademiyası və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu arasındakı mövcud elmi-ədəbi əlaqələrdən, birgə layihələrdən, müştərək konfranslardan danışan akademik İsa Həbibbəyli qarşılıqlı elmi-ədəbi əməkdaşlığın əhəmiyyətini vurğulayıb, qarşlılıqlı əlaqələrin bütün elmi istiqamətlər üzrə davam etdirildiyini bildirib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi akademik Asəf Hacıyev çıxışında iki ölkə arasında tarixən mövcud olan dostluq münasibətlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə Gürcüstanın hökumət və parlament üzvləri, eləcə də elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.