Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY
Bakı, 2 noyabr, AZƏRTAC
Hazırda Avropanı etiraz aksiyaları və nümayişlər bürüyüb. Ən böyük etiraz aksiyaları isə məhz Avropa İttifaqının iki əsas gücü hesab olunan Almaniya və Fransada baş verir. Fransada həmkarlar ittifaqlarının məlumatına görə, 500 mindən çox insan küçələrə çıxıb və ölkənin bir çox şəhərində, o cümlədən Parisdə yenidən iğtişaşlar baş verib. Qeyd etmək lazımdır ki, bu iğtişaşlar sentyabrın ikinci yarısından etibarən Fransada davam edir. Etirazçıların əsas tələbləri məktəblərin və universitetlərin kifayət qədər maliyyələşdirilməməsi, yaşayış xərclərinin artması, sosial bərabərsizlik və təhsil sahəsində mövcud problemlərlə bağlıdır. Sözsüz ki, burada radikal sol qüvvələrin, xüsusilə də “La France Insoumise” partiyasının müəyyən rolunun olduğunu iddia edirlər. Hakimiyyət çalışır ki, bu məsələdə müxalifəti günahkar kimi təqdim etsin. Lakin reallıq ondan ibarətdir ki, Fransa daxilində mövcud olan fundamental problemlər bu etirazların əsas səbəbidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov deyib.
O bildirib ki, Fransada və Almaniyada keçirilən kütləvi etiraz aksiyaları Avropanın aparıcı dövlətlərində sosial-iqtisadi problemlərin və mövcud siyasi kursdan narazılığın dərinləşdiyini göstərir. Xüsusilə diqqət çəkən məqam odur ki, etirazlarda gənclər, tələbələr və məktəblilər fəal iştirak edirlər. Bu isə narazılığın yalnız bugünkü iqtisadi çətinliklərlə deyil, həm də gələcəyə olan inamın zəifləməsi ilə bağlı olduğunu göstərir. Yaşayış xərclərinin artması, mənzil və təhsil problemləri, iqtisadi qeyri-müəyyənlik, enerji böhranı, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhranlar fonunda enerji qiymətlərinin yüksəlməsi, eləcə də miqrantlarla bağlı problemlər hazırda Avropa cəmiyyətlərində ciddi narahatlıq doğuran əsas məsələlərdəndir.
Avropanın aparıcı dövlətlərində ənənəvi idarəçilik modellərinə inam zəifləyib
Mütəxəssis qeyd edib ki, Fransadakı etirazları Emmanuel Makronun prezidentliyi dövründə yığılıb qalmış sosial, siyasi və iqtisadi problemlər kontekstində qiymətləndirmək lazımdır. Bildiyiniz kimi, E.Makron hakimiyyətə gəldikdən sonra iqtisadi islahatlar, sosial rifahın yüksəldilməsi və ölkənin modernləşdirilməsi istiqamətində geniş vədlər vermişdi. Lakin onun həyata keçirdiyi bir sıra addımlar, xüsusilə də pensiya yaşının artırılması və sosial siyasətlə bağlı qərarlar cəmiyyətin müxtəlif təbəqələrində ciddi müqavimətlə qarşılandı. Hətta 2018-ci ildə başlayan “sarı jiletlər” hərəkatı da Fransa cəmiyyətində mövcud olan dərin sosial narazılığın göstəricisi idi. Həmin vaxtdan illər keçməsinə baxmayaraq, problemlərin əhəmiyyətli hissəsi bu gün də aktuallığını qoruyub saxlayır. Bu baxımdan hazırkı etirazlar təsadüfi deyil. Onlar Makronun sosial-iqtisadi siyasətinə qarşı illər ərzində formalaşmış narazılığın davamıdır. Bu gün Fransa iqtisadiyyatı ciddi problemlərlə üz-üzədir. Hakimiyyətin elan etdiyi islahatlarla insanların gündəlik həyatında hiss etdiyi real nəticələr arasında mövcud olan fərq narazılığı daha da gücləndirir. Eyni zamanda, ölkədə siyasi qüvvələr arasında qütbləşmə, miqrasiya və inteqrasiya problemləri, dövlət maliyyəsinin vəziyyəti və sosial xərclərlə bağlı fikir ayrılıqları mövcud gərginliyi daha da mürəkkəbləşdirir. Nəticədə sosial tələblər tədricən daha geniş siyasi narazılığa çevrilir.
Sultan Zahidov diqqətə çatdırıb ki, Almaniyada baş verən etirazlar oxşar problemlərdən qaynaqlansa da, burada müəyyən fərqlər mövcuddur. Çünki Almaniya uzun illər Avropanın iqtisadi lokomotivi hesab olunub. Lakin son illərdə iqtisadi artımın zəifləməsi, sənaye sektorunda rəqabət qabiliyyətinin azalması, yüksək enerji xərcləri və sosial təminat sisteminə təzyiqin artması cəmiyyətdə narazılığı dərinləşdirən əsas amillərdir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra enerji təchizatı sistemində yaranan problemlər Almaniya iqtisadiyyatına ciddi təsir göstərib. Enerji qiymətlərinin yüksəlməsi həm sənaye müəssisələrinin fəaliyyətinə, həm də əhalinin yaşayış səviyyəsinə mənfi təsir edir. Belə bir şəraitdə təhsil və sosial sahələrin maliyyələşdirilməsində yaranan çətinliklər gənclərin narazılığını daha da artırır. Digər tərəfdən, məcburi hərbi xidmətin mümkün bərpası ilə bağlı müzakirələr də istər-istəməz gənclərin gələcək planları və şəxsi seçimləri ilə bağlı əlavə narahatlıq yaradır.
Onun sözlərinə görə, bu etirazların əsas mesajı Avropanın aparıcı dövlətlərində ənənəvi idarəçilik modellərinə və siyasi elitalara inamın zəifləməsidir. Fransa və Almaniya hökumətləri sosial-iqtisadi problemlərin həllində real nəticələr göstərə bilmədikləri təqdirdə, ictimai narazılığın daha geniş siyasi müstəviyə keçməsi riski artacaq. Bu isə istər-istəməz Avropada siyasi qütbləşmənin dərinləşməsinə, populist qüvvələrin təsir imkanlarının genişlənməsinə və mövcud siyasi sistemlər üzərində təzyiqin artmasına şərait yaradacaq.