Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir
Bakı, 2 noyabr, AZƏRTAC
Oktyabrın 31-dən başlayaraq Almaniyanın 30-dan çox şəhərində on minlərlə gənc “Gen Z regelt” çağırışı ilə küçələrə çıxdı. Hərəkatın Kansler Fridrix Mertsə ünvanladığı açıq məktub tələbləri aydın şəkildə sadalayır. Məktəblər, asılılıqla mübarizəyə dəstək və psixoterapiya üçün ixtisarlar əvəzinə daha çox resurs tələb olunur. Münasib yaşayış xərcləri, yükün ədalətli bölüşdürülməsi, iqlimin qorunması, məcburi hərbi xidmətə və artan nəzarətə qarşı çıxış da siyahıdadır. Məktubun mahiyyəti tək bir cümlədə ifadə olunub: “Sizin qənaət siyasətiniz elimizdən bütün ümidi alır”. Bu mənzərə gənclərin siyasətə maraqsızlığını deyil, bilavasitə özlərinə aid olan qərarlarda söz sahibi olmamalarına göstərdikləri reaksiyanı nümayiş etdirir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniyada yaşayan siyasi analitik və yazıçı Ayşegül Colak deyib.
Onun fikrincə, Almaniya kimi köklü bir sosial dövlətdə inamın itməsinin səbəbi sosial dövlətin çökməsi deyil, onun işləmə mexanizmidir. “Bundestaq ötən il dekabrın 5-də iki qanun qəbul etdi. Əvvəlcə səsə qoyulan hərbi xidmət haqqında qanun xidməti hələlik könüllü saxlayır, lakin 2008-ci il və daha sonra doğulmuş kişilər üçün sorğu və mərhələli şəkildə qeydiyyat/yoxlama məcburiyyəti gətirir. Könüllülərin sayı kifayət etməzsə, ayrı bir qanunla “ehtiyaca uyğun məcburi hərbi xidmət” yolunu da açıq saxlayır. Ardınca qəbul edilən pensiya paketi isə pensiya ödənişlərinin səviyyəsini 2031-ci ilə qədər 48 faizdə sabitləyib. Yükün gənc nəsillərin üzərinə düşəcəyini müdafiə edən “Birlik” fraksiyasındakı 18 gənc deputat paketə etiraz edib. Sosial dövlət işləyir, lakin təminatlarını yaşlılara, öhdəliklərini isə gənclərə paylayır. Məktəb binalarının baxımsızlığını və artan kirayə qiymətlərini hər gün yaşayan bir nəsildən indi də ölkənin müdafiə boşluğunu bağlaması gözlənilir. Bu səbəbdən gənclər dövlətdən uzaqlaşmağı deyil, dövlətin onlar üçün də işləməsini istəyirlər”, - deyə müsahibimiz bildirib.
Berlin bu qəzəbi sakitləşdirə bilərmi?
Ayşegül Colak qeyd edir ki, itirilmiş inam demokratiyaya deyil, gələcəyə yönəlib. Bertelsmann Fondunun 2026-cı ilin iyulda dərc etdiyi sorğuya əsasən, 18–34 yaş qrupunun 69 faizi demokratiyanın işləmə prinsipindən ən azı qismən razıdır. 35 yaşdan yuxarı şəxslərdə bu nisbət 62 faizdir. Buna qarşılıq olaraq, Potsdam və Konstants universitetlərinin 2026-cı ilin əvvəlində 14–29 yaş arası 2012 gənc arasında apardığı “Almaniyada Gənclik” araşdırmasında gənclərin 21 faizi Almaniyanı tərk etməyi konkret olaraq planlaşdırır, 29 faizi isə psixoloji dəstəyə ehtiyac duyur.
Hökumətin ilk reaksiyalarının parçalanmış vəziyyətdə olduğunu diqqətə çatdıran A.Colak deyib: “Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt dinc nümayişlərin “zorakılığa meyilli sol qruplar” və “miqrant mənşəli iğtişaşçılar” tərəfindən ələ keçirildiyini bildirdi. Frankfurt və Köln şəhərlərində baş verən və ölkə üzrə təxminən 100 polisin xəsarət aldığı toqquşmalar bu yanaşmaya zəmin yaradır. Almaniyanın təhsil naziri Karin Prien isə gənclərin narahatlıqlarını haqlı və son dərəcə əhəmiyyətli hesab edir. Dobrindtin mövqeyinə ən kəskin etiraz Almaniyanın müdafiə naziri Boris Pistoriusdan gəldi. Halbuki gənclərin qarşı çıxdığı hərbi xidmət qanunu məhz onun nazirliyinin məhsuludur. Hökumət daxilində gəncləri dinləməyə hazır olan bir qanad var, lakin bu qanad hərbi xidmət məsələsindən geri addım atmayacaq. Etirazları sadəcə ictimai asayiş məsələsinə endirmək küçədəki on minlərlə gənci bir azlığın zorakılığı ilə eyni tərəziyə qoyur və inamsızlığı daha da dərinləşdirir”.
“Berlin bu qəzəbi sakitləşdirə bilərmi?” sualına cavab olaraq türk ekspert bildirib: “Qısamüddətli perspektivdə, böyük ehtimalla hə. Fransada lisey şagirdlərinin sentyabrda müəllim çatışmazlığı və baxımsız məktəb binaları səbəbindən başlatdığı aksiyalar həmkarlar ittifaqlarının da qoşulduğu geniş sosial hərəkata çevrildi. Almaniyada isə mütəşəkkil strukturlar “Gen Z regelt” hərəkatına məsafəli yanaşır. Şagirdlərin Federal Konfransı hərəkatdan ayrıldı, Alman Təhsil İttifaqı isə yalnız təhsil tələblərini dəstəklədi. Berlinin qısamüddətli perspektivdə Parislə müqayisədə bəxtinin gətirməsinin səbəbi budur. Uzunmüddətli perspektivdə isə cavab “xeyr”dir”.