ADPU-nun STEAM komandaları beynəlxalq olimpiadanın II mərhələsinə vəsiqə qazanıblar
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) STEAM Mərkəzinin komandaları “Atlantia International STEM Olympiad” beynəlxalq olimpiadasının ölkəmizdə təşkil olunan mərhələsində 6 birinci, 2 ikinci və 1 üçüncü yerə layiq görülərək, Türkiyənin Antalya şəhərində keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıblar.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, olimpiadada Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin komandaları iştirak ediblər. Universiteti təmsil edən 9 komanda STEAM Mərkəzinin müdiri Vəfa Abdurahmanova və Mərkəzin əməkdaşları Natella Namazova, Çinarə Məmmədli və Nərmin Həsənovanın mentorluğu ilə yarışa qatılıblar. Komandaların tərkibində Fizika fakültəsinin tələbələri Aydın Mövludzadə, Ramal Məmmədiyev, Əli Mahmudov və Lera Səfiyeva, Kimya və biologiya fakültəsinin tələbəsi Nuray Zəkəriyyəyeva, Riyaziyyat fakültəsinin tələbələri Məhəmmədhüseyn Əliyev, Selcan Həsənova, Bahar İsalı, Rəna Ağayeva və Fatimə Əlinəzərova yer alıblar.
Olimpiadanın ikinci mərhələsi Türkiyənin Antalya şəhərində, final mərhələsi isə İspaniyanın Barselona şəhərində keçiriləcək.