İcbari sığorta sahəsində görülən işlərin ictimaiyyətə çatdırılmasında medianın rolu vurğulanıb
Bakı, 2 noyabr, AZƏRTAC
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) yaranmasının 15 illiyi münasibətilə media nümayəndələrinin iştirakı ilə Qusar rayonuna mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İSB-nin rəhbərliyi və müxtəlif media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.
Mediatur çərçivəsində İSB-nin 15 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətləri, keçdiyi inkişaf yolunu və əsas fəaliyyət istiqamətləri ilə bağlı təqdimat keçirilib.
Tədbirin açılışında çıxış edən İSB-nin icraçı direktoru Vüsal Məsiyev büronun fəaliyyətinin işıqlandırılmasında, icbari sığorta sahəsində ictimai məlumatlılığın artırılmasında və görülən işlərin ictimaiyyətə çatdırılmasında medianın mühüm rolunu vurğulayıb. O qeyd edib ki, 29 noyabr 2011-ci ildə fəaliyyətə başlayan İSB ötən müddət ərzində ölkəmizdə icbari sığorta sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Həyata keçirilən təşəbbüslər və tətbiq olunan yeniliklər icbari sığorta mexanizmlərinin təkmilləşdirilməsinə və cəmiyyətdə sığorta mədəniyyətinin formalaşmasına töhfə verib.
Tədbirdə çıxış edən İSB-nin icraçı direktorunun müavini Seymur Mirzəyev sığorta sahəsində ictimai məlumatlılığın artırılmasında medianın əhəmiyyətinə toxunub. O bildirib ki, vətəndaşların icbari sığorta ilə bağlı hüquq və öhdəlikləri barədə məlumatlandırılması, onları maraqlandıran sualların cavablandırılması və sığorta mədəniyyətinin inkişafı baxımından media ilə əməkdaşlıq xüsusi önəm daşıyır.
Tədbir çərçivəsində İSB-nin xarici tərəfdaşlarının yubiley münasibətilə ünvanladıqları təbrikləri əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova büronun 15 illik fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib. Təqdimat zamanı İSB-nin əsas fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər və gələcək fəaliyyət perspektivləri barədə ətraflı məlumat verilib.