Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və vərəm xəstəliyi ilə mübarizənin gücləndirilməsi istiqamətində daha bir mühüm addım atılıb.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
TƏBİB-in icraçı direktorunun müşaviri Töhfə Cəmilova, Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov poliklinikanın şəraiti ilə tanış olublar.
Tibb müəssisəsinin fəaliyyətində əsas məqsəd sağlam şəxslərdə vərəmə yoluxma riskinin qarşısının alınması, ağciyər və ağciyərdənkənar vərəmli xəstələrdə cərrahi müalicəyə zərurət yarandığı hallarda çoxprofilli yardımın göstərilməsi və vərəmin müalicəsi zamanı yaranan çətinliklərin aradan qaldırılmasıdır.
Poliklinikada pulmanoloq, ftiziatr, terapevt, pediatr, kardioloq, nevroloq, cərrah və digər ixtisaslı həkimlər fəaliyyət göstərir. Uşaqlar arasında vərəm və digər tənəffüs sistemi xəstəliklərinin erkən diaqnostikası, müalicə və müşahidəsi üçün əlavə şöbə də mövcuddur.
Tibb müəssisəsində rentgen və ultrasəs müayinələri, spirometriya, bronxoskopiya, elektrokardioqrafiya, elektroensefaloqrafiya, audiometriya, eləcə də müasir laborator-molekulyar-genetik analizlər vasitəsilə xəstəliklərin vaxtında üzə çıxarılması və düzgün diaqnostikası üçün geniş şərait yaradılıb.
Tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi və funksional bərpası məqsədilə Fizioterapiya şöbəsi də fəaliyyət göstərir. Vərəm xəstələrinin ambulator müalicəsi və dispanser nəzarəti ilə yanaşı, müalicə rejiminə əməl olunmasını təmin etmək üçün video nəzarətli terapiya imkanı da mövcuddur.
Bildirilib ki, müasir tibbi infrastruktur, ixtisaslı kadr potensialı və geniş diaqnostik imkanlarla təchiz edilmiş poliklinika əhalinin sağlamlığının qorunmasına və ölkədə vərəmlə mübarizə tədbirlərinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək.