“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ
Bakı, 12 oktyabr, AZƏRTAC
“Sabah” basketbol komandasının FIBA Çempionlar Liqasındakı rəqiblərindən olan Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi Selçuk Ernak AZƏRTAC-a eksklüziv müsahibə verib.
- FIBA Çempionlar Liqasının H qrupunun II turunda “Sabah” komandası ilə qarşılaşacaqsınız. Rəqibinizi və qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?
- “Sabah” komandasını təhlil etmək üçün bir müddətdir işləyirik. Bizi favorit hesab edirlər, amma bu qrupda ötən ilin çempionu “Ritas” da var. Çox güclü komandadır. Uzun illərdir Avropanın müxtəlif turnirlərində çıxış edən, öz ənənəsi olan “Nanter” kollektivini də qeyd etmək lazımdır. Bunlar təhlükəli rəqiblərdir. Dörd komandadan ibarət qruplarda çox diqqətli olmaq lazımdır. İlk növbədə evdə heç bir oyunu uduzmamalısınız. Daha sonra səfərdə əldə edəcəyiniz nəticələrə əsasən qrupdakı vəziyyətiniz müəyyənləşəcək. Təbii ki, “Trabzonspor”un məqsədi qrupu birinci pillədə başa vurmaq və pley-in mərhələsində iştirak etmədən növbəti mərhələyə yüksəlməkdir. “Sabah” haqqında fikrim belədir: ilk növbədə çox bacarıqlı və sistemli komandadır. Xüsusilə uzun oyunçularının həm ötürmə vermək, həm də uzaq məsafədən atış etmək bacarığı var. Beş oyunçunun da perimetrdən oynaya bilməsi, qısa oyunçuların yaradıcı xüsusiyyətlərə malik olması, bütün bunları müəyyən sistem daxilində həyata keçirmələri onları çox təhlükəli rəqibə çevirir. Eyni zamanda, “Sabah”ı hər oyunun sonuna qədər mübarizənin içində qalan komanda hesab edirəm. Biz də mümkün qədər yaxşı hazırlaşmaq istəyirik. Vaxtımız azdır, çünki dünən oyun keçirmişik. “Sabah”ın matçı təxirə salınmışdı, buna görə də onların bir qədər artıq istirahət etmək imkanı olub və bu gün Trabzona gəliblər. Beləliklə, qısa müddətdə ən yaxşı hazırlığı keçərək ən ciddi oyunlarımızdan birini keçirmək istəyirik.
- “Nanter” üzərində qələbədən sonra “Sabah”la matçdan nə gözləyirsiniz?
- Bu cür qruplarda qələbələrin sayı iki və daha çox olduqda komandalar arasında fərq formalaşmağa başlayır və qrupdakı vəziyyət bir qədər aydınlaşır. Ancaq biz bu qrupdan ikinci və ya üçüncü pillədə çıxmaq barədə düşünmürük. Necə birinci olacağımızı fikirləşirik. Buna görə də hər oyun bizim üçün vacibdir. Bütün rəqiblərimiz təhlükəlidir. Əgər yaxşı gününüzdə olmasanız, onların hər biri sizə qalib gələ bilər. Qrupumuzda asan keçəcəyini düşündüyümüz və ya heç vaxt qalib gələ bilməyəcəyimiz bir rəqib yoxdur.
- Son 3-4 ildə Azərbaycan basketbolunda inkişaf müşahidə olunur. Əvvəllər ölkədə basketbolun səviyyəsi aşağı idi, lakin son illərdə liqa formalaşıb və çoxsaylı türkiyəli məşqçilər Azərbaycanda çalışırlar. Azərbaycan Basketbol Liqası haqqında fikirləriniz necədir?
- Bir müddətdir Azərbaycan Basketbol Liqasını izləyirəm. Hazırda klubumuzun rəhbərliyində yer alan Levent Türknas əvvəllər Azərbaycanda çalışıb, indi isə Turqay Zeytingöz orada fəaliyyət göstərir. Gördüyünüz kimi, bir çox türkiyəli məşqçi Azərbaycan klublarında işləyib, son vaxtlar isə milli komandalarda da çalışmağa başlayıblar. Mən əvvəllər “Banvit”də işləyərkən Çak Devislə çalışmışdım. O, Azərbaycan millisində oynadığı üçün liqanı izləmək imkanım olurdu. Ötən il “Sabah”a rəhbərlik etmiş Rimas Kurtinaytis də orada idi. Bu il liqada həm məşqçilərin səviyyəsi xeyli yüksəlib, həm də legionerlərin sayı artıb. Bu prosesdə həm Türkiyə, həm də Azərbaycan pasportu olan, aşağı yaş qruplarında və əsas komandalarda çıxış edən türkiyəli basketbolçular və məşqçilər də iştirak edirlər. Biz Azərbaycan liqasını izləyirik və çox aydın şəkildə görürəm ki, hər il irəliyə doğru 1-2 addım atılır. Artıq hər kəs qəbul etməlidir ki, Azərbaycan Basketbol Liqası Avropada ciddi qəbul edilə biləcək və planlı şəkildə inkişaf edən liqalardan biridir.
- Maraqlıdır, indiyədək Azərbaycan klublarından sizə təkliflər olubmu?
- Bir neçə dəfə Azərbaycan klubları ilə bağlı mənimlə əlaqə saxlayan şəxslər olub. Ancaq həmin vaxt Avropanın güclü liqalarında çıxış edən komandaları çalışdırırdım və müqaviləm davam edirdi. Buna görə də Azərbaycan komandaları ilə anlaşmağı düşünmədim, çünki həmin vaxt sərbəst deyildim. Lakin Azərbaycan basketbolda çox düzgün addımlar atan və inkişaf edən ölkəyə çevrilmək yolundadır. Gələcəyin nə gətirəcəyini isə indidən demək mümkün deyil.
- “Sabah” komandasında gənc oyunçular da çıxış edirlər. Gələcəkdə Azərbaycan basketbolçularının Türkiyə klublarına transferi ilə bağlı planlarınız varmı? Ümumiyyətlə, Azərbaycan liqasında bəyəndiyiniz oyunçular kimlərdir?
- Azərbaycan liqasını izləsəm də, “Sabah”dan başqa komandalar haqqında çox məlumatlı olduğumu deyə bilmərəm. “Sabah”la qarşılaşdığımız üçün bəzi oyunları izləmək imkanım olub. Gördüyüm qədəri ilə, legioner oyunçuların hamısı Türkiyədə oynaya biləcək səviyyədədir. Azərbaycanlı oyunçuların isə Türkiyədə çıxış etmək üçün bir qədər daha böyük rollar alması lazımdır. Gələcəkdə türk dövlətləri arasında qarşılıqlı razılaşma əsasında bir-birinin oyunçularının yerli basketbolçu hesab edilməsi qaydası tətbiq olunsa, bunun həm Azərbaycan, həm də Türkiyə basketbolu üçün çox faydalı olacağını düşünürəm. Bu yolla həm gənc oyunçuları, həm də əsas komanda yaşına çatmış basketbolçuları qiymətləndirmək mümkün olar.
- Türkiyə basketbolu həm Avropada, həm də dünyada yüksək səviyyədədir. Azərbaycan basketbolunun Türkiyə səviyyəsinə çatması üçün ilk növbədə nələr edilməlidir?
- Müəyyən səviyyəyə çatmaq üçün ilk növbədə keyfiyyətli oyunçu bazası formalaşdırılmalıdır. Bu baza yalnız legionerlərdən ibarət olmamalıdır. Xüsusilə azərbaycanlı oyunçulardan, Türkiyədə isə türkiyəli basketbolçulardan ibarət keyfiyyətli oyunçu ehtiyatı yaradılmalıdır. Bununla yanaşı, keyfiyyətli məşqçi bazası da olmalıdır. Burada söhbət yalnız əsas komandalarla işləyən məşqçilərdən getmir. Xüsusilə gənc oyunçuları yetişdirən məşqçilərin müəyyən səviyyədə olması və onların sayının çoxluğu vacibdir. Oyunçu və məşqçi bazası nə qədər geniş olsa, ölkələr bu prosesə nə qədər səbirli yanaşsa, nə qədər çox çalışılsa və daha çox insan basketbol oynamaq imkanı qazansa, basketbol da bir o qədər inkişaf edər. İnsanlar bu idman növünü düzgün öyrənməlidirlər. Türkiyədə də, Yunanıstanda da, Serbiyada da proses belə gedib. Bunun üçün uzun illər səbir etmək, çoxlu məşqçi və oyunçu yetişdirmək lazımdır. Avropada əhalisi az olan bəzi ölkələr var. Həmin ölkələrdə basketbolçuların sayı az olsa da, onların istedadları və fiziki göstəriciləri bu idman növünə uyğundur. Üstəlik, basketbol həmin ölkələrdə əsas idman növüdür. Bizim kimi ölkələrdə isə vəziyyət belə deyil. Ancaq basketbolun daha geniş yayılmasına və əhalinin sayına uyğun olaraq daha çox oyunçunun yetişdirilməsinə nail olmaq öz əlimizdədir. Bunun başqa yolu yoxdur.
- Futbola marağınız hansı səviyyədədir. Azərbaycan futbolu barədə nə deyə bilərsiniz?
- Futbolu sevirəm və hobbi kimi izləyirəm. Xüsusilə “Trabzonspor”a gəldikdən sonra komandanın oyunlarını daim izləyirəm. Proqramım imkan verəndə matçlara stadiona gedərək də baxıram. “Qarabağ”ın son illərdə əldə etdiyi böyük irəliləyişi və Avropada qazandığı uğurların necə əks-səda doğurduğunu izləyirəm. Ancaq Azərbaycan futbolunu texniki baxımdan yaxından izlədiyimi deyə bilmərəm. Təəssüf ki, futbolu sevmədiyim üçün deyil, iş qrafikimizə görə bu sahəyə daha çox vaxt ayıra bilmirəm. “Qarabağ”ın gördüyü iş çox əhəmiyyətlidir. Ancaq ölkədə ikinci, üçüncü və dördüncü klublar da bu uğurlara qoşulanda futbol tamam başqa səviyyəyə yüksəlir. Bizim ölkəmizdə də vəziyyət belədir. Bir komandanın Avropada bir neçə il uğurlu çıxış etməsi vacibdir. Lakin əsas məsələ həmin səviyyədə uzun müddət qalmaq və digər klubların da ona qoşulmasıdır. Mən məsələyə bu cür yanaşıram.
Müxbir – Cavid Əliyev